Bakı. Xanım Nağıyeva-APA. Azərbaycan və Türkiyənin birgə istehsalı olan, martın 22-də kinoteatrlarda nümayişi nəzərdə tutulan “Mahmud və Məryəm” filminin prodüseri Sevda Kayğısız APA-ya müsahibə verib.
- Sevda xanım, artıq filmin çəkilişləri bitib, əldə olunan nəticədən razısınızmı?
- Filmin çəkilişlərinin 8 həftə davam etməsi nəzərdə tutulmuşdu, lakin çəkilişlər təxminən 12 həftə davam etdi. Türkiyədə böyük bir filmin çəkilişlərinə bu qədər vaxt sərf olunur. Vaxt uzandıqca bu, təbii ki, büdcəyə də təsir edirdi. Buna baxmayaraq çəkilişlərdən çox məmnunuq. Çox gözəl iş alınacağına inanırdıq, lakin film inandığımızdan da keyfiyyətli alındı. Çəkilişlərimiz qurtarıb və montajı da bitirmək üzrəyik. Film montaj edildikdən sonra görünüş effektləri üçün Bolqarıstandakı studiyaya göndəriləcək.
- Nə dərəcədə mükəmməl bir filmdə olsa, mütləq şəkildə güclü PR edilməsi lazımdır. Siz bu istiqamətdə hansı addımlar atacaqsınız?
- Biz filmin çəkilişləri zamanı reklama üstünlük vermədik. Bu qəbul olunan bir strategiyadır. Filmi çəkdikdən sonra ortaya yaxşı bir iş çıxarsaq, artıq onun haqqında danışmaq olar. Bildiyiniz kimi, artıq filmin ilk fraqmenti yayımlandı. Müxtəlif ölkələrin televiziya və kinostudiyalarında reklamlar yayımlanacaq. Filmin kinoteatrlara çıxmasına yaxın daha bir fraqment təqdim edəcəyik. Fraqment filmin piarı üçün çox vacibdir. Filmin təxminən səkkiz ölkədə nümayişi nəzərdə tutulur.
- Filmi serial şəkildə də təqdim etmək fikriniz varmı?
- Türkiyə və Avropada bədii filmlər adətən 110 dəqiqə olur. Yəni, filmi 5 hissəyə bölürük. Film 120 dəqiqə çəkəndə isə artıq 6-cı hissə olur və seansda uduzuruq. Seansda uduzmamaq üçün filmi 110 dəqiqə edirik. Hazırda əlimizdə 160 dəqiqəlik materialımız var. Bunun 4 seriyaya bölərək televiziyalarda nümayiş olunmasını istəyirik. Hələlik bu barədə qərar verilməyib.
- Filmdə azərbaycanlı aktyorların Anadolu türkcəsində danışmaları da diqqətçəkən məqamlardandır. Siz aktyorlarımızın türkcəsini necə qiymətləndirirsiniz?
- Çox yaxşı. Çəkilişlər zamanı aktyorlar sırf türk dilində danışmalıdır məcburiyyəti yaşanmadı. Kimə necə rahatdırsa elə danışıldı. Aktyorlar ssenariyə daxil olmayan bir çox sözlər də işlətdilər. Yəni, orada bütün sözlər Anadolu türkcəsində deyilmədi. Çəkiliş prosesində ssenaridə elə də çox radikal dəyişikliklər olmadı. Aktyorlarla rejissor arasında çox gözəl uyğunluq var idi. Rejissorumuz Metmet bəy aktyorlarla yola getməyi bacaran insandır.
- Bu film Azərbaycan və Türkiyənin ilk ortaq işidir. Prodüser olaraq Azərbaycanla gələcəkdə işbirliyi nəzərdə tutursunuzmu?
- Sənət dünyəvi anlayışdır. Ona görə də buranın Azərbaycan və ya Türkiyə olduğuna baxmıram. Dünyada hamı bir-biri ilə işləyə bilər. Təbii ki, Azərbaycanda olan işbirliyimiz digər ölkələrdən fərqlənir. İki ölkəni bir görürəm. Azərbaycanla olan işbirliyimiz bundan sonra da olmalıdır. Mən bu filmdə işləməyə başlayanda filmi Avropada nümayiş etdirməyi hədəfə almışdım. Onsuz da film Azərbaycan və Türkiyədə nümayiş olunacaq. Əsas odur ki, qardaş ölkələrin bir yerdə gördüyü işlə digər ölkələr də tanış olsun. Filmə hələ tam baxan olmasa da, haqqında çox gözəl fikirlər eşidirik.
- Filmdən sonra dekorasiya və ya geyimlərlə bağlı hər-hansı müraciətlər olsa, qəbul edəcəksiniz?
- Hələlik bilmirəm. Amma belə bir planımız var ki, bu geyimləri Azərbaycan və Türkiyədə nümayiş etdirək. Çünki geyimlərə çox əmək sərf olunub. Geyimlərin parçalarını da özümüz hazırlatmışıq. Bütün naxışlar əl ilə işlənib. Bu paltarlar bizim üçün çox dəyərlidir.
- Filmin digər ölkələrə satış qiyməti müəyyən olunubmu?
- Film öncə kinoteatrlarda nümayiş olunacaq. Bundan başqa Berlin Film Festivalında dünya bazarına çıxarılacaq. Yəqin ki, orada da qiymət barədə müəyyən razılığına gələrik. Əsas məqsəd filmi müxtəlif ölkələrdə nümayiş etdirməkdir. Yəqin ki, satış məsələləri ölkənin nazirlikləri arasında da müzakirə olunacaq.