Bank Of Baku

Azərbaycan mənşəli Türkiyə rəssamı: “Azərbaycanı dolaşmaq, yurd-yuvasından didərgin düşmüş insanlarımızın acı taleyini boya ilə əks etdirmək istəyirəm” - MÜSAHİBƏ - FOTOSESSİYA

Azərbaycan mənşəli Türkiyə rəssamı: “Azərbaycanı dolaşmaq, yurd-yuvasından didərgin düşmüş insanlarımızın acı taleyini boya ilə əks etdirmək istəyirəm” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTOSESSİYA
# 27 sentyabr 2014 15:05 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Müasir Türkiyə rəsm sənətinin tanınmış simalarından olan Timur Taştəkinin APA-ya müsahibəsi

 

- Şəkil çəkməyə nə vaxt başladınız?

 

- 4 yaşımda... Evimizə gələn qonaqlar mənə şəkil çəkdirirdilər, bundan böyük zövq alırdım. Qapalı toplumda yaşayırdıq. 4 yaşımda çəkdiyim şəkli heç unutmuram. Hər şey düzgün idi, gözün yerinə nöqtə qoymuşdum. Birinci sinifə gedəndə qara qələmlə Atatürkün şəklini çəkməyə başlamışdım. O vaxt dünyadakı sənət proseslərindən xəbərsiz idim, rəsmin və rəssamın nə olduğunu bilmirdim. Orta məktəbdə oxuyanda dünyada məndən yaxşı şəkil çəkən olmadığına inanırdım. İstanbula gəldiyim gün ilk işim incəsənət fakültəsinə getmək oldu: rəsmin necə çəkildiyini görmək istəyirdim. Fakültədə abstrakt şəkillər çəkirdilər, baxdım ki, mənim stilimə uyğun gəlmir. Abstrakt şəkillər məni bu işdən bir az soyutsa da, öz stilimdən uzaqlaşmayaraq şəkil çəkməyə davam etdim. 1966-cı ildə yağlı boya ilə ilk portreti çəkməyə başladım. Tabloya o qədər dalmışam ki, başımın ağrısını, yeməyi, su içməyi belə unutmuşam. Axşama yaxın yorulduğumu hiss etdim. Bu duyğu məni qorxutdu, çünki şəkil çəkərkən hər şeyi unudurdum. O vaxtlar heç bir rəssamla əlaqə də yaratmırdım. Gəncliyimdə xəstəxanada işləyir, gecələr orada qalırdım. Bir dəfə gecə şəkil çəkərkən professor içəri girdi. Tablolarımı görüb dedi ki, bunları saxla, gələcəkdə sərgilər açacaqsan. Çəkdiyim tabloları satmayıb saxladım.

 

- İlk sərginizi nə vaxt açdınız?

 

- İlk sərgimi 1973-cü ildə Vəfa Liseyində açdım.

 

- Siz Uğur Dündar, Müjdat Gəzən, Kamal Sunalın da oxuduğu Vəfa Liseyində oxumusunuz, elə deyilmi?

 

- Bəli, mən Türkiyənin ən köklü məktəblərindən biri olan Vəfa Liseyini bitirmişəm. Oradan çox sənətkar çıxıb. 1990-cı illərin ortalarından başlayaraq sistemli şəkildə sərgilər açdım. O prosesdə azərbaycanlı rəssam qardaşlarımın mənə çox köməyi oldu. Professor Əli Verdiyev, Malik və Namiq İsmayıl qardaşları, Ziyad Sultanov və b. ilə yaxın dostluğumuz oldu. Onların əsərlərim barədə tənqidi fikirləri mənə daima düzgün yol göstərdi. Malikin mənə yaxşılıqlarını heç vaxt unutmaram.

 

- İndiyə qədər neçə sərgi açmısınız?

 

- Türkiyədə 20 fərdi sərgi açmışam. Xaricdə isə 5 sərgim olub. Türkiyə və Avropada bir çox qrup sərgisində iştirak etmişəm.

 

- Əsərlərinizdə doğulub-böyüdüyünüz bölgəni əks etdirdiyinizi görürük. Bu, oralara duyduğunuz nostalgiyadan irəli gəlirmi?

 

- Əlbəttə ki, Qars-Ərdahan bölgəsi, doğulub boya-başa çatdığım Çıldır mahalı mənim ruh dünyamda çox dərin izlər buraxıb. Hələ sovet vaxtında kəndimizin yanından keçən Kür çayının hamı kimi mənim üçün də simvolik əhəmiyyəti vardı. O vaxtlar radioda Azərbaycan mahnıları dinləyərdik. Doğma Azərbaycan sənətinə o vaxtdan heyran olmuşam, heyranlığım həmişə artıb. Son illərdə sənətdə oriental tərzə üstünlük versəm də, bütün əsərlərimdə Azərbaycan motivləri dominant olaraq qalmağa davam edir.

 

- Sizi klassik türk orientalistlərindən fərqləndirən əsas cəhətin də millilik olduğunu görürük.

 

- Bəli.  Hansı mövzuda və tərzdə əsər yaratsam da, milli düşüncə və motivlər mütləq ön plana çıxır. Doğulub-böyüdüyüm bölgə mənim üçün çox əzizdir. Daha sonra dostlarım vasitəsilə Azərbaycanı tanımağa və öyrənməyə başladım, öyrəndikcə doğma diyarımızı daha çox sevdim.

 

- Azərbaycanda sərgi açmaq barədə təklif aldınızmı? Bunu düşünürsünüzmü?

 

- Doğma Azərbaycanımız mənim üçün sənətin bütün sahələrində peşəkarlıq örnəyi nümayiş etdirən bir ölkədir. Bakıda və ya Gəncədə məmnuniyyətlə sərgi açmaq istəyirəm. Azərbaycan Rəssamlar İttifaqının məni öz sıralarına qəbul etməsini arzu edirəm. İndi hamımızı ən çox narahat edən məsələ əziz vətən  torpaqlarımızın 20%-nin uzun müddətdən bəri erməni  işğal altında qalmasıdır. Azərbaycanı dolaşmaq, yurd-yuvasından didərgin düşmüş 1 milyon insanımızın acı taleyini boya ilə kətan üzərində əks etdirmək istəyirəm.

 

- Siz əsərlərinizin satışına çox həssaslıqla yanaşan sənətkarsınız, tablolarınıza həqiqi maddi dəyərindən aşağı qiymət təklif ediləndə satmırsınız. Bu, sizin üçün maddi problem yaratmırmı?

 

- Hər bir əsərimə çox əmək sərf edirəm, tablolarımın gerçək maddi dəyərinin altında hər hansı qiymətə satılmasını istəmirəm. Avropadakı sərgilərimdə də eyni siyasəti izləyirəm. Məncə, hər bir rəssam gerçək kolleksiyaçı ilə münasibətini düzgün qurmalıdır. Əgər kolleksiyaçı məndən sistematik şəkildə tablolar almaq niyyətində olsa, əlbəttə, mən o kolleksiyaçıyla anlaşaram, tablolarımı ala bilməsi üçün onu da qane edəcək qiymətlər deyərəm. Mən rəssam-kolleksiyaçı münasibətlərinin  peşəkar şəkildə qurulmasının tərəfdarıyam. Sənətdən anlayan insanların rəssamlarla qurduqları düzgün münasibətlər nəticəsində hamı qazanclı olur: rəssam da, kolleksiyaçı da, ölkə də...

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR