Bakı. Cavid Zeynallı - APA. Azərbaycan Akademik Milli Teatrının direktoru, sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilovun APA-ya müsahibəsi
- İsrafil müəllim, rəhbərlik etdiyiniz teatrda son vaxtlar nə baş verir?
- Bilirsiniz, əvvəla, teatr sakit liman deyil. Yaradıcılıq, aktyor işi emosionallıqla bağlıdır. Teatrşünaslıqda, ədəbiyyatşünaslıqda ehtirasların toqquşması deyilən bir anlayış var. Bütün bunlar səhnədə baş verir. Teatr sənəti bədii proses məkanıdır. Burada təbii olaraq narazılıq, həsəd, qısqanclıq da olur. Teatr işini dərindən bilən adamlar bunu normal qəbul edirlər. Dünyanın istənilən teatrını götürsəniz, yaradıcılıq rəqabəti mövcuddur. Hansı yerdə yaradıcı proses və axtarış varsa, orada anlaşılmazlıq da olur, narazılıq da.
- Amma mətbuata çıxan narazılıqlardan belə anlaşılır ki, burda hər gün nəyinsə mübahisəsi gedir…
- Bura gələndə bilirdim ki, teatrda doğrudan da yaradıcı mühit olacaqsa, bunlar təbii olaraq baş verəcək. Bir dəfə məndən soruşdular ki, hər şey qaydasındadır? Yarızarafat, yarıciddi dedim, hər şey qaydasında ancaq qəbiristanlıqda olur. Bilirsiniz, bizdə bəzən məsələləri qarışdırır, mədəniyyət müəssisələri haqqında yanlış rəy yaratmağa çalışırlar. Sosial şəbəkələr ünsiyyət vasitəsidir. Bunlara mətbuat kimi yanaşmaq olmaz. İş elə gətirib ki, bizim mətbuatda da “sarı”laşma halı müşahidə olunur. Mən təkcə Azərbaycan mətbuatını oxumuram. Dünyada elə qəzetlər, saytlar var, özləri etiraf edirlər ki, bəli, mən bulvar qəzetiyəm. Dövlət müəssisəsi, teatr haqqında olmayan şeylər üzərində qalmaqal yaratmağı sağlam və professional jurnalistikaya yaraşdırmıram. Bir neçə dəfə demişəm ki, belə pul qazanmazlar, belə çörək yeməzlər. Teatrı gözdən salmaq istəyənlər səmərəsiz işlər görürlər. Maraqlıdır, media niyə teatrda son illər ərzində gedən uğurlu prosesləri görmür və ya görmək istəmir? Bu gün teatrda çox canlı yaradıcı proses gedir. Ayda orta hesabla 27 tamaşa nümayiş olunur. İl ərzində 10-dan artıq yeni tamaşa hazırlanır. Və ən maraqlısı budur ki, hazırlanan yeni tamaşalarımızın əksəriyyəti məhz teatrın daxili imkanları hesabına ərsəyə gəlir. Teatrda hazırda paralel şəkildə 3-4 tamaşanın məşqləri gedir, mütəmadi şəkildə görkəmli teatr xadimlərinin, korifey sənətçilərin yubiley tədbirləri keçirilir.
Teatrda dövlətin gənclər siyasəti uğurla həyata keçirilir. Fəaliyyətimizin prioritet istiqamətlərindən biri də gənc nəslin teatra cəlb olunması ilə bağlıdır. Teatrın son illər ərzindəki fəaliyyətinə nəzər saldıqda, bütün fəaliyyət sahələri üzrə gənc kadrlara geniş meydan verildiyini və gənclərə yaradıcı potensialını tam realizə etmək üçün maksimum dərəcədə şərait yaradıldığını asanlıqla görmək olar. Aparılan uğurlu kadr siyasətinin nəticəsidir ki, teatrın elmi potensialı gündən-günə artır. Bu gün teatrımızda sahə üzrə bir elmlər doktoru, 3 fəlsəfə doktoru, 3 doktorant çalışır.
Mən tam qürurla deyə bilərəm ki, hazırda Akademik Milli Dram Teatrı yeni bir inkişaf mərhələsini yaşayır. Bu gün Azərbaycan teatrı Avropada tamaşalar təqdim edəndə bizi ayaq üstə alqışlayırlar. Akademik Milli Dram Teatrının və ümumilikdə Azərbaycan teatrının hər bir uğuru bizə qürur verir.
O ki qaldı teatr ətrafındakı söz-söhbətlərə, bu, həmişə olub, görünür, olacaq da. Araşdırın, görün, bu gün adlarını böyük qürur və minnətdarlıq hissi ilə xatırladığımız rejissorlar Mehdi Məmmədov, Tofiq Kazımovla bağlı hansı söz-söhbətlər olub. Sovet dövründə aktyorlar, aktrisalar haqqında imzasız nələr yazılıb? 1937-38-ci illərdə Abbas Mirzə Şərifzadəni, Ülvi Rəcəbi güdaza verənlər məgər maşınqayırma zavodunun işçiləri idi? Mənim müəllimim Tofiq Kazımov bu teatra gənc aktyor və aktrisalar gətirmişdi. Amaliya Pənahovanın, Səməndər Rzayevin, Kamal Xudaverdiyevin, Hamlet Xanızadənin, Şəfiqə Məmmədovanın, Hamlet Qurbanovun, Fuad Poladovun, Yaşar Nurinin və başqalarının adlarını çəkə bilərəm. O vaxtlar da təzə gələn aktyora qucaq açmırdılar. Bunlar mənim gözümün qabağında olub.
- Ancaq zaman-zaman bəzi aktyorlar teatra qarşı müxtəlif iddialarla çıxış edirlər. Onların dediklərində haqlı məqamlar varmı? Yoxsa həmin iddiaları, ümumiyyətlə, qəbul etmirsiniz?
- Mən düşünürəm ki, aktyor səhnədə rolunu məharətlə oynamalı və ifaçılığını roldan-rola təkmilləşdirməlidir. Bu gün hər hansı aktyora deyə bilmərəm ki, niyə bilet satışında, su, yaxud işıq təminatında problem var? Aktyor belə şeylərə cavabdeh deyil. Mən isə hər şeyə cavabdehəm. Yalnız öz roluna cavabdeh olan aktyor bəzən onun da öhdəsindən peşəkarlıqla gələ bilmir. Aktyor öz işi ilə məşğul olmalıdır. Bir də görürsən, aktyor elə şeylərə qarışır ki, o sahədə nə müfəssəl məlumatı, nə də səriştəsi var. Hansı qəzetdə, mətbuat orqanında aktyorun oyununa münasibət bildirilib? Aktyor nəzarətsiz qalıb, teatr tənqidi aktyorun yaradıcılığını, gündəlik oyununu təhlil etmir.
- Siz teatra rəhbər təyin olunanda aktyorları yığıb demisiniz ki, bundan sonra aya iki min manat pul qazanacaqsınız, xarici ölkələrə qastrol səfərlərinə gedəcəksiniz, bu teatr rayona qastrola getməməlidir və s. Belə bir söhbət olubmu?
- Mən teatra gələndə teatrın geriləmə faktını elmi əsaslarla təhlil etmişəm. Dediklərimin hamısı yaxşı yadımdadır. Demişəm, teatrın vəziyyəti qənaətbəxş deyil. Demişəm ki, ölkə daxilində qapanıb qalmaq olmaz, milli teatr sənətimizi xarici ölkə səhnələrinə çıxarmalıyıq. Demişəm ki, maaşlar azdır, onun qaldırılması istiqamətində işləməliyik. Mən bu gün də elə düşünürəm. Mədəniyyət və Turizm Nazirliyi islahatların aparılmasını zəruri saymışdı və biz bu istiqamətdə işləməyə başladıq.
- Yəni nazirlik bu işlərdə sizi dəstəkləyir...
- Birmənalı şəkildə! Görülən işlər nazirliyin nəzarəti və təlimatları əsasında aparılır. Teatrın planı var və onu yerinə yetirmək mənim borcumdur. Aktyorlarla görüşəndə deyirəm ki, teatrın bədii-estetik səviyyəsini qaldırmalıyıq. Aktyorların maaşının artırılması üçün çalışırıq və müəyyən işlər görülüb. Tərəfimizdən hökumət, Milli Məclis qarşısında məsələ qaldırılıb.
- Hazırkı maaşların məbləği nə qədərdir?
- 290 manatdan 470 manatadək. Musiqili Teatr, Gənc Tamaşaçılar Teatrı və başqalarında maaşlar qat-qat aşağıdır. Teatra rəhbər təyin olunanda hədəfləri demişəm ki, nələrə nail olmalıyıq.
- Hidayət Orucovla aranızda narazılıq vardı. Anlaşa bildiniz?
- Hidayət müəllim mənim hörmət elədiyim, xətrini istədiyim adamdır. Təbiətim elədir ki, susuz vaxtı mənə bir stəkan su verin, sonra pislik etsəniz də, o yaxşılığı yadımdan çıxara bilmərəm. Bizdə iki dəfə hüzr olub, hamıdan əvvəl Hidayət müəllim gəlib. Amma yazısında Hidayət müəllim bir az hissə qapılıb, başqa cümlələr yazıb. Mənə indiyə qədər o hörmətləri ki edib, onun deməyə haqqı var. Amma orda haqlı deyil ki, ona tamaşasını bərpa edəcəyimi söz vermişəm. Aramızda belə söhbət olanda demişəm, tamaşada oynayan iki aparıcı aktyor - Siyavuş Aslan və Yaşar Nuri teatrda yoxdur, onlarsız həmin tamaşanı təsəvvür etmirəm. Hidayət müəllim özü də bilir ki, məsələ belədir və bu iki aktyorsuz o tamaşanı bərpa etmək mümkün deyil.
- Sizə iradlardan biri də budur ki, başqa teatrlardan, məsələn, Yuğ Teatrından aktyorlar cəlb edirsiniz...
- Bu, teatr prosesinin tərkib hissəsidir. Tofiq Kazımovun teatra gətirdiyi və adını çəkdiyim adamlar sonralar Azərbaycanın teatr tarixini yazdılar. Tofiq Kazımov təzyiqlərə, tənqidlərə fikir verib istədiyini etməsəydi, demək, bu aktyorların heç biri olmayacaqdı. Məhz həmin hücumlara dözmək Azərbaycan teatrına Həsən Turabovdan tutmuş Yaşar Nuriyə qədər aktyorları qazandırdı. Tofiq Kazımovu, bilirsiniz, neçə dəfə işdən çıxarmaq istəyiblər? O, dözümlü adam idi, amma bir də gördün, tab gətirmək mümkün olmurdu. Kimsə mənim haqqımda deyir ki, kimə gəldi, tamaşa verir. Tamaşa hazırlığı tapşırılan rejissorları repertuarımızla tanış olanlar yaxşı tanıyırlar. Odur ki, hər hansı şərhə ehtiyac yoxdur. Əsassız sözlər danışan adamların nəyinə cavab verim?
Düşünürəm ki, bu cür xırda umu-küsülərə, əsassız söhbətlərə vaxt sərf etməyə dəyməz. Bu gün Azərbaycan teatrı prinsipcə yeni bir mərhələyə qədəm qoyur. Biz teatr sənətimizin inkişaf etdirilməsinin, truppanın komplektləşdirilməsinin, güclü repertuar formalaşdırılmasının, yeni rejissor kadrlarının, istedadlı müəlliflərin, teatr rəssamlarının yetişməsinin və teatrın yaradıcılıq prosesinə cəlb olunmasının qeydinə qalmalıyıq.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin yorulmaz səyləri ilə milli mədəniyyətimizin Avropa məkanında tanıdılması istiqamətində əvəzsiz işlər görülüb. Bu baxımdan bütün mədəniyyət sahələri kimi, teatr sənəti də açılan yolla böyük uğurla Avropa teatr məkanına qoşulmaqdadır.
Ölkə prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında nəzərdə tutulan Azərbaycan teatrının Avropa teatr məkanına inteqrasiyası istiqamətində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən böyük uğurla həyata keçirilən ardıcıl tədbirlər artıq öz müsbət nəticəsini göstərməkdədir.
10-15 il əvvəl Azərbaycan teatrı üçün yeganə meyar Moskva teatr mühitinin rəyi idisə, artıq bu gün teatrımız Avropanın bir çox dövlətlərinin teatrları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrinə girə bilir. Son illər Türkiyə, Makedoniya, İran, Gürcüstan, Moldova, Çin, Litva, Rusiya, Yunanıstan, Rumıniya, Serbiya, Qazaxıstan, Tatarıstan və digər dövlətlərin teatrları ilə uzunmüddətli qarşılıqlı əməkdaşlıq əlaqələri haqqında razılaşmalar imzalanıb. Təbii ki, Akademik Milli Dram Teatrında həyata keçirilən bütün islahatlar bilavasitə “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlıdır. Məhz buna görə əvvəlki dövrdən tamamilə fərqli ahəngdə iş rejimi həyata keçirildi, yaradıcılıq prosesi daha intensiv şəkil aldı. Belə ki, Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi repertuar planında nəzərdə tutulan əsərlərdən başqa, əlavə olaraq teatrın daxili imkanları hesabına tamaşaların təcəssüm işi gerçəkləşdi.
- Həyata keçirməyə çalışdığınız, amma hələlik baş tutmayan işlər varmı?
- Nəzərdə tutduğum, həyata keçirmək istədiyim layihələrin bəziləri hələ alınmır. Tamaşaçılarla apardığımız iş hələlik gözlədiyimiz səmərəni vermir. Təbliğat və reklam işini müasir tələblər səviyyəsində qura bilmirik. Beynəlxalq teatr layihələrində iştirakımız zəifdir.
- Teatrın kommunal xərcləri problemi var idi…
- Əvvəla, demək istəyirəm ki, teatrın cari həyatında işlər pis getmir. Doğrudur, bəzən Mədəniyyət və Turizm Nazirliyinin təsdiq etdiyi qaydaların pozulması hallarına təsadüf edilir. Yəni görürsən, işə gecikmə, yaxud ifaçı aktyorların müəllif mətninə söz əlavə etməsi kimi nöqsanlar ara-sıra olur. Amma bütövlükdə teatrın yaradıcı ahəngini kifayət qədər sabit və perspektivli hesab edirəm. Mədəniyyət və Turizm Nazirliyinin qarşımıza qoyduğu tələblərin göstərici faizlərinə çətinliklə nail oluruq. Teatrın kommunal xərclərini də vaxtında ödəmək mümkün olmur.
- Haradasa gözümə dəydi ki, teatrda maliyyə pozuntusu var…
- Buna təəccüblənmirəm. Çünki demokratik proseslər özünün bir növ cahillik dövrünü yaşayır. Meyarlar itəndə hər kəs hər şey yaza bilər. Onu deyə bilərəm ki, teatrımızın fəaliyyəti ilə bağlı yazılanlar həqiqətə uyğun deyil. Ötən ay Auditorlar Palatası tərəfindən teatrın fəaliyyəti yoxlanıldı, bəzi cüzi texniki qüsurlardan başqa, heç bir ciddi pozuntu aşkar edilmədi. Odur ki, bu sahədə narahatlığa səbəb yoxdur.
- Amma teatrın son illərdəki fəaliyyətini təqdir edən yazılar da çoxdur…
- Hər bir müəssisə və təşkilatın gündəlik fəaliyyətində mümkün sayılan anlaşılmazlıq, yaxud narazılıq nə üçün şişirdilir, ictimailəşdirilir? Fəaliyyətimizin inkişaf tempinin artması kimi, yaxud kimləri narahat edir? Və nə üçün? Nəhayət, sakramental sualla qarşı-qarşıya qalırıq - bu, kimə sərfəlidir?
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən böyük uğurla həyata keçirilən Dövlət Proqramının yeni mərhələsində, teatr işinin proqressiv meyllərinin gücləndiyi bir dövrdə ölkənin aparıcı teatrını cəmiyyət içində gözdən salmağa, onun nüfuzunu sarsıtmağa, fəaliyyətinə ləkə vurmağa, ayrı-ayrı səhnə xadimləri arasında nifaq salmağa, qəzetlərdə, saytlarda onlarla fədakar insanın əməyini puç etməyə, ictimai fikri azdırmağa yönələn mənəviyyatsız ifadələr yazdırmağa nə ad vermək olar?
Peşəkar sənət deyilən anlayışdan xəbərsiz olan belələri dərk etmirlər ki, teatr xalqındır. Və teatra yönəlik hər bir yanlış addım xalqın mənəviyyatına, heysiyyətinə, bir neçə nəslin mədəni gələcəyinə yönəlir. Onu da dərk etmirlər ki, dövlət qayğısı ilə əhatə olunmuş teatr daim dövlət nəzarətindədir. Birdəfəlik anlamaq lazımdır ki, Akademik Milli Dram Teatrı mövcud qanunvericiliyə müvafiq olan fəaliyyətində dövlət başçısının sərəncamlarını, Mədəniyyət və Turizm Nazirliyinin tapşırıqlarını və göstərişlərini yerinə yetirməklə qarşıda duran vəzifələri həyata keçirir. Bu fəaliyyətə mane olmaq cəhdləri perspektivsizdir.