İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin tanınmış sənət adamlarından biri, Roma İncəsənət akademiyasının məzunu Orxan Taylanın APA-ya müsahibəsi
- Müzakirə və mübahisələr hansı məcrada gedirsə, biz də ordan başlayaq. Türkiyədə sənətə münasibət məsələsi. 1990-cı illərin əvvəliylə müqayisədə indiki vəziyyəti necə dəyərləndirirsiniz? O vaxt daha rahat nəfəs almaq mümkün idimi?
- Bəli, 2000-ci ilə gələnə qədərki son 6-7 il Türkiyədə rahat illər idi. Məsələn, yaxşı işləyən yarmarkalar vardı. Yarmarkalar bugünkü kimi tacirlərin əlinə düşməmişdi. Bizim Plastik Sənətçilər Dərnəyimiz yarmarkalar keçirirdi, sənətkarların təşkil etdiyi yarmarkalar idi. Sonradan yarmarkalar qalereyaçıların əlinə keçdi, indi isə yarmarka şirkətləri bu işə sahib çıxıb. Nəticədə sənətkarlar bu yarmarkalarda iştirak etməkdən çəkinirlər, tablo satışı da çox azaldı. Qabaqlar bir yarmarkada sərgi açmaq maddi cəhətdən bir sənətkara 1 il kifayət edirdi, indi isə 2 sərginin puluyla belə yaşamaq mümkün deyil. Yarmarkalar çox baha oldu, qalereyalar yarmarkaların pulunu sənətkarlardan istəyir. Auksionlar da sənətkarların əsərlərinin qiymətini çox aşağı salır. 2005-dən sonra tablo satmaq çox çətinləşdi, gənclər üçün daha çətin vəziyyət yarandı. 70 yaşına gəlmiş bizlər üçün nisbətən asandır, kolleksiyaçılarımız var, sevənlərimiz çoxalıb, tanınırıq. Ancaq indi gənc sənətkarlar üçün çox çətin bir dönəm yaşayırıq. Ölkədəki ümumi mədəniyyət səviyyəsinin sürətlə aşağı düşməsinin bunda önəmli rolu var. Mədəniyyət Nazirliyinin rəsm mühitinə dəstəyi sıfırdır. Zərəri olmasın, faydasını istəmirik. Türkiyədə rəssamlar yaşamasa, mədəniyyət nazirliyi daha məmnun olacaq.
- Türkiyədə tabloları rahatlıqla satılan 2 rəssamdan biri sizsiniz. Avropada, Amerikada sərgilər açırsınız. Türkiyədəki bu vəziyyəti Qərblə müqayisə edəndə hansı nəticəyə varırsınız? “Mavi simfoniya” tablosu 1.5 milyon dollara satılanda mənə verdiyi müsahibədə Burhan Doğançay demişdi ki, Türkiyə qatarı qaçırırdı, mənim sayəmdə son vaqona mindi. Siz necə dəyərləndirirsiniz?
- İndi dünya miqyasında qalereyalar və yarmarkalar “contemporary” adı altında böyük sərmayə tərəfindən dəstəklənir. Ən başda Amerikada olmaqla, holdinqlər, banklar, kartellər bu “contemporary” işinə girişdi. Avropada durum bir az fərqlidir, orada gerçək sənətin yeri həmişə var. Türkiyədə də banklar, böyük holdinqlər, birjalar qalereyalar açıb yarmarkalar keçirməyə başlayınca, rəsmdən kənar qaydalar rəsmin yerinə keçməyə başladı. Bu da mədəni səviyyəsi çox da yüksək olmayan sənətsevərləri çaşbaş salır. Onlar elə bilirlər ki, sənət “contemporary”dir. Keçən il bir yazı yazmışdım: biz nə edirik? Biz barrikadaları müdafiə edirik.
- Mən də onu deyəcəkdim, İstanbulda 2 dəfə sərgi açan rus rəssam dostum İvan Lubennikov da “Biz gerçək sənəti səngərlərdə müdafiə edən az sayda sənətkarıq” - demişdi...
- Rəsm sənətini müdafiə etmək üçün o sözü hər bir gerçək sənətkarın deməyə haqqı var. Biz yaxşı tablo çəkmək üçün məsuliyyət daşıyırıq. Nə qədər çox yaxşı rəsm çəkə bilsək, gənc rəssamlara örnək olarıq, sənətsevərlərə ümid aşılayarıq. Yəni, rəssamlar rəsm çəkməlidirlər.
- 1980-ci il hərbi çevrilişindən sonra çox ciddi təzyiqlərə məruz qalaraq sıxıntı yaşayan sənətkarlardan biri siz olmusunuz. Niyə sıxıntı çəkdiniz?
- 1980-ci il çevrilişindən əvvəl mən Vizual Sənətçilər Dərnəyinin başqanı idim. Türkiyənin gördüyü ən demokratik dönəm 1974-80-ci illər arasında olub. Dərnəklərin təsiri böyük idi. Dərnək başqanı kimi mən də Türkiyədəki Sülh Dərnəyinə dəvət edildim, o biri dərnəklərin başqanlarının daxil olduğu böyük təşkilat yarandı. Dünya Sülh Şurasıyla yaxın əlaqə yaratmışdıq. 12 sentyabr hərbi çevrilişindən sonra dərnəklərin hamısı qapadıldı və mütəşəkkil cinayətkar təşkilat yaratmaq və terrorçulara yol göstərmək iddiaları ilə məni həbs etdilər. 3.5 il həbsdə qalandan sonra azad etdilər, ancaq proses 10 il davam etdi, hamımıza bəraət verdilər. “Yo göstərən” olmadığımız ortaya çıxdı.
- Həbsxanada rəsm çəkirdinizmi?
- Daim rəsm çəkirdim. Həbsxanada ikən Ankarada çox önəmli sərgim açıldı. Divara asılan plakata “Mümkün olmadığına görə, sənətkar açılış ziyafətinə gələ bilmir” - yazmışdılar (gülür).
- Həbsxanada ikən millət vəkili seçilmiş Osman Bölükbaşının elə orada pijama ilə millət vəkili andı içməsi kimi....
- Türkiyədə bu cür dönəmlər yaşandı və hələ də yaşanmağa davam edir. Bizim kimi rəsm çəkənlər bizdən sonrakı nəsillərə qarşı məsuliyyət daşıyır. 50 ildən sonra bizim haqqımızda “Yaxşı ki, barrikadaları müdafiə ediblər” - deyərlərsə, ən böyük qazancımız bu olacaq.
- 1999-cu ildə Ecevit-Baxçalı-Yılmaz koalisiyası 100 sənətkara “Dövlət sənətçisi” adı verdi. O vaxt demişdiniz ki, sizin üçün ən böyük şərəf sənətsevərlər arasında keçiriləcək anketdə adınızın ön sıralarda çıxması olacaq. Xeyli mübahisə doğuran o “Dövlət sənətçisi” adının axırı necə oldu?
- “Dövlət sənətçisi” adı keçmişdə dövlətə xidmət edən sənətkarlara verilirdi, ona görə əskisi tüstülü idi. O vaxtkı mədəniyyət naziri sol partiyadan idi, keçirdirdiyi anket sorğusunda İstanbuldan Avni Arbaşla mən çıxmışdım. Avni Arbaşla eyni küçədə yaşayırdıq, dövlətin heç bir qurumuyla əlaqəmiz yox idi, sərbəst işləyən sənətkarlar idik. Anketdən bizim adlarımızın çıxmasına sevinmişdik. Ancaq buna əsəbiləşənlər də olmuşdu. Normaldır. O cür anket sorğuları keçirilsə, bizlərin adı həmişə ön sıralarda çıxar, ona şübhəm yoxdur, o səbəbdən kefim yerindədir.
- Deyəsən, prezident Dəmirəlin verdiyi “Dövlət sənətçisi” plaketini almağa özünüz getməmişdiniz...
- Yox, böyük bacım gedib almışdı, orada küncdə durur.
- Onun sizə hər hansı maddi faydası vardı?
- Yox idi. Öləndə top arabasının üstünə qoyub hərbi mərasim keçirəcəkdilər, yaxşı ki, onu ləğv etdilər, biz də xilas olduq (gülür).
- Ləğv etdilərmi?
- Bəli, artıq “Dövlət sənətçisi” sayılmırıq, məhkəməyə verdilər, məhkəmə qanunu ləğv etdi. Amma nəticədə anketlərdən həmişə adımız ilk sıralarda çıxır (gülür).
- İbrahim Balaban demişdi ki, prezident Sezər onun əlini sıxaraq kimin sənətkar, kimin qaraçı olduğunu müəyyənləşdirdi. Bu söz Türkiyədə sərt reaksiyaya səbəb olmuşdu. Prezident kimin sənətkar olduğunu, kimin olmadığını müəyyənləşdirə bilərmi?
- Hər bir vətəndaş kimi, prezident də öz şəxsi fikrini söyləyə bilər, buna heç kim etiraz edə bilməz. Məni bəyənməz - Əhmədi bəyənər, Əhmədi bəyənməz - Məhmədi bəyənər, onu da söyləyər, niyə söyləməsin ki? İndiyə qədər prezidentlərin “o, sənətkardır, bu, sənətkar deyil” - sözünə rast gəlməmişəm.
- Sirr deyilsə, indiyə qədər neçə tablo satmısınız, satdığınız tabloların pulu normal yaşayışınızı təmin edibmi?
- Bir vaxtlar Mədəniyyət Nazirliyi sənətkarlara studiyalar və emalatxanalar almaları üçün çox ucuz kredit verirdi. 200 kvadratmetrlik bu emalatxananı da o kreditlə almışam. İndiyə qədər sadəcə tablolarımı sataraq, normal şəkildə yaşamışam. Kənara çox pul qoymasam da, tablolarımın satışından heç vaxt narazı deyiləm. Satdığım tabloların pulu rahat yaşamağıma kifayət edib. Bundan sonra da kifayət edəcəyinə şübhəm yoxdur. Satdığım tabloların sayını 1975-ci ildən bəri hesablasam, təxminən 2 min tablo satdığımı deyə bilərəm. İldə təxminən 40 tablo çəkirəm. Qiymətləri heç vaxt astronomik səviyyəyə qaldırmadım. Rəsm çəkməkdən başqa, heç bir iş də görmədim. Ölkəmdə rəsm sənətinin gələcəyi məni çox narahat edir. Türkiyədəki ümumi siyasi mühit mədəniyyət mühitini inkişaf etdirmək əvəzinə gerilədir. Mədəniyyət təhsili vermək yerinə, din dərsləri verilir ki, bunun nəticəsində cəmiyyətin mədəniyyətlə əlaqəsi zəifləyir və biz rəssamlar cəmiyyətdə kosmosdan gəlmiş adamların vəziyyətinə düşürük. Türkiyənin bu sahədəki vəziyyəti heç yaxşı deyil, mən optimist deyiləm. Biz yenə rəsm çəkməyə davam edəcəyik, ancaq ölkənin ümumi atmosferi sənəti söndürür. 3-5 ildə sənətin üfqündə çəhrayı rənglər görməsəm də, rəsm çəkməyə davam edəcəyəm.