Azərbaycan Beynəlxalq Bankı «Mobile Payments» xidmətini təqdim edib

Azərbaycan Beynəlxalq Bankı «Mobile Payments» xidmətini təqdim edib
# 20 dekabr 2013 11:28 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankı (ABB) «AzeriCard» Prosesinq Mərkəzi və «MasterCard» beynəlxalq ödəmə sistemi ilə birgə ABB-nin «MasterCard» kart sahibləri üçün yeni «Mobile Payments» xidmətini təqdim edib. «APA-Economics»in xəbər verdiyi kimi, buna həsr olunmuş təqdimatda bildirilib ki, bu sistem vasitəsi ilə kart sahibləri «MobilBank» xidmətinin müvafiq menyusunu seçərək sürətli və təhlükəsiz ödənişlərini mobil telefonlarından fiziki kartdan istifadə etmədən həyata keçirə bilərlər.

Xidmətin əsas üstünlükləri arasında yüksək təhlükəsizlik və rahatlıq, nağd vəsaitlərdən istifadə etmə, PIN-kodun daxil edilməməsi və çeklərin imzalanmamasını qeyd etmək olar. Ticarət və xidmət müəssisələri isə mobil ödənişləri qəbul edərək öz müştəri bazasını və dövriyyələrini artırmaq üçün əlverişli imkanlar əldə edir. Qeyd edək ki, ilk olaraq bu xidmət «World Telkecom» dükanlar şəbəkəsində tətbiq olunacaq, sonradan isə onun əhatə dairəsi genişlənəcək və xidmətə digər mal və xidmət pərakəndə ticarət şəbəkələri qoşulacaq.

«MasterCard» sisteminin Azərbaycan üzrə meneceri Hakan Acar bəyan edib ki, bu rahat xidmət vasitəsi ilə kart sahibi mobil telefonu ilə müxtəlif ticarət və xidmət müəssisələrində ödənişlər apara bilər: «Azərbaycanın ilk və ən böyük prosesinq mərkəzi ilə əməkdaşlıq etməyizə çox şadıq və yeni texnologiyaların inkişafında oynadığımız rolu gələcəkdə davam etdirmək niyyətindəyik».

ABB-nin Pərakəndə biznes Departamentinin direktoru Elmir Həbibullayev qeyd edib ki, Azərbaycan Beynəlxalq Bankı daim innovasiyalar tətbiq etməyə çalışır və eyni zamanda vurğulayıb ki, yeni xidmət ölkədə nağdsız ödənişlərin inkişafına dəstək olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR