Nağı Səfərov: “Azərbaycan çempionu olmaq, millidə yerini təmin etmək demək deyil” - MÜSAHİBƏ

Nağı Səfərov: “Azərbaycan çempionu olmaq, millidə yerini təmin etmək demək deyil” - <span style="color: red;">MÜSAHİBƏ
# 13 mart 2015 14:33 (UTC +04:00)

Qurum rəsmisi taekvondoçularımızın Avropa Oyunlarına hazırlığı, yarışa qatılacaq heyət, yeni baş məşqçilər Reza Mehmandostla Sun Mi Parkın iş prinsiplərindən və qarşıdakı planlardan danışıb.

- Kişi və qadınlardan ibarət Azərbaycan millilərində baş məşqçi dəyişikliyindən sonra yığmaların heyətinə ciddi əl gəzdirilir. Komandamız müxtəlif turnirlərə müxtəlif heyətlərlə yollanırlar. Bugünlərdə keçirilən “Luxor Open” və “Qətər Open” də istisna olmadı. 1 qızıl, 3 gümüş və 1 bürünc medal qazandız. Avropa Oyunları öncəsi bu nəticədən nə dərəcədə razı qaldız?

- Dünya Taekvondo Federasiyasının 2012-ci ildə etdiyi dəyişikliklərdən sonra sıradan yarışlar belə artıq güclənməyə başlayıb. Taekvondoçular Olimpiya tsiklində qazandığı reytinq xallarının hesabına lisenziya qazanacaqlar. Olimpiya çəkilərində 6 idmançıya Qran-pri, dünya çempionatları və bu tip yarışların nəticələrinə əsasən iştirak hüququ veriləcək. Məşqçilərlə bunu müzakirə etmişik və buradan minimum 2 lisenziya almağı planlaşdırırıq. Lisenziyaların ikisi də ya kişilərdə, ya qadınlarda, ya da hərəsində bir olması mümkündü. “Luxor Open”lə “Qətər Open”ə gəlincə, burada kişilərdən ibarət yığmamız iştirak etdi və turnir gözlədiyimizdən də gərgin keçdi. Əgər Lüksorda ötən il 12 komanda iştirak etmişdisə, bu dəfə 51 ölkə müraciət etmişdi və onlardan 49-u yarışa qatılmışdı. Bu da artıq mübarizənin hansı səviyyədə olmasından xəbər verir. Bu, həm də idmançılar üçün yeni baş məşqçimiz Rza Mehmandost tərəfindən qoyulan sınaq dövrüdü. Çünki iranlı mütəxəssis artıq Azərbaycan yığmasının gəncləşdirilməsinə böyük ehtiyacı olduğunu bildirib. Vaxtilə komandada 1 nömrə kimi tanınan idmançıları bu yarışlara aparıldı və onlar qarşısında şərt qoyuldu ki, nəticə verə bilməsələr, əsas komandadan uzaqlaşdırılacaqlar. İlk sınaq Türkiyədə olmuşdu. Həmin vaxt bir neçə idmançı millidən uzaqlaşdırıldı. İkinci testdən qayıtdıqdan sonra 4 idmançı da yığmadan kənarlaşdırdı. Mehmandost Avropa Oyunlarından sonra məsləhət bildiyi gənc idmançıları heyətə dəvət edəcək. Çünki möhtəşəm yarışa vaxt az qalıb. Mayın 12-də Rusiyanın Çelyabnsk şəhərində dünya çempionatı start götürəcək. Ardınca iyunda Bakıda Avropa Oyunları başlayacaq.

- Təcrübəli idmançıların əsas komandadan kənarlaşdırıldığını bildirdiz. Onlar kimlərdi?

- Natiq Əliyev (54 kq), Fariz Əliyev (68 kq) və Ceyhun Həsənli (+87 kq) artıq komandadan kənarlaşdırılıb. Digər 1 nəfərə - Elvin Məmmədova (74 kq) isə federasiya ilə müzakirədən sonra növbəti şans verilib. O, “Netherlands Open”də bir daha yoxlanılacaq. Buna onun “Qatar Open”in sonuncu günü bürünc medal qazanması səbəb oldu. Dəqiq desək, 3 idmançı artıq uzaqlaşdırılıb, digərinə şans verilib.

- “Netherlands Open”in də Avropa Oyunlarına sınaq xarakteri daşıdığını dediz. Hollandiyada neçə nəfər yoxlanılacaq?

- Komandamız səfərə 17 nəfərlik (10 kişi, 7 qadın) heyətlə yollanıb. Təbii ki, bu da bir neçə idmançı üçün sınaq xarakteri daşıyır. Kifayət qədər güclü yarışdı, əvvəlcədən nəsə demək, proqnoz vermək çox çətindi. Sadəcə, məşqçimiz bu idmançıların döyüş sistemini, onlar hansı rəqiblə necə döyüşdüyünü və hazırlığı necə davam etdirmək lazım olduğunu başa düşmək istəyir. Düşünürəm ki, medallarımız olacaq. Amma bundan da əsas idmançıların yarışda özlərini necə göstərməsidi.

- Avropa Oyunlarına az vaxt qaldığını və idmançıları sınaqdan çıxardığınızı dediz. Bəs baş məşqçi özü üçün də olsa, yarışa qatılacaq təxmini heyəti müəyyənləşdiribmi?

- Bu gün heyət tam bəlli deyil. Çünki məşqçi hələ də seçimini davam etdirir. Hətta çəkisini qaldıran və ya aşağı salan idmançılar da var. Hazırda bunun üzərində iş gedir. Yəqin ki, təxminən 1 aya həm dünya, həm də Avropa Oyunlarında iştirak edəcək heyət dəqiqləşəcək.

- Avropa Oyunlarına hazırlığa ilin əvvəlindən başladığınızı bilirik. Bəs təlim-məşq toplanışlarınızı nə vaxt bitirəcəyiniz bəllidimi?

- Bəli, ötən ilin dekabrında Azərbaycan çempionatı keçirdik və yanvardan Avropa Oyunlarına hazırlıq prosesinə başladıq. Həm dünya, həm də Avropa Oyunlarına məşqlərimiz davam edir. Məşqçi təlim-məşq toplanışlarını mayın ilk həftəsində yekunlaşdırmağı planlaşdırır. Çünki həmin ayın 7-8-də dünya çempionatına yola düşəcəyik. Lakin qayıtdıqdan sonra dünya çempionatının nəticəsinə əsasən bir daha fikirləşəcək ki, Avropa Oyunlarında Azərbaycanı kim daha yaxşı təmsil edə bilər.

- Belə çıxır ki, dünya çempionatının nəticəsi Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək heyətə təsir edə biləcək?

- Dünya çempionatının da nəticəsinin əhəmiyyəti var. Məsələn, komandamızın bugünkü lideri Radik İsyevin çəkisi 87 kq-dı. Amma bu, Olimpiya çəkisi deyil. Bu idmançı ya çəki atıb 80 kq-a, ya da çəkisini qaldırıb, +87-a qalxmalıdı. Bunu rəqiblər və idmançının durumuna əsasən məşqçi müəyyənləşdirəcək.

- Komandalarımızın psixoloji durumu nə yerdədi?

- Komandada gəncləşmə gedir. Gənc idmançılar yaşlılarla müqayisədə daha həvəslidilər. Onlar yarışlarda qələbə qazandıqca, özlərinə inamları da artır.

- Azərbaycan millisində Olimpiya Oyunlarına kimi hər şey qaydasında gedir. Lakin son anda hakim səhvi bütün planları alt-üst edir. Avropa Oyunlarını Rio Olimpiadasına hazırlıq kimi dəyərləndirmək olarmı?

- Bunu hazırlıqla yanaşı, seçim kimi də dəyərləndirmək mümkündü. Baş məşqçimizin şüarı belədi ki, əgər idmançı hazır deyilsə, o çəkidə təmsilçimiz olmasa belə həmin insanı yarışa aparmaq fikri yoxdu. Onun iş metodu 1 nəfər hazırdısa onu, 3 nəfər hazırdısa onu yarışa aparmaqdı. Çünki Mehmandost həmişə faiz əmsalını yüksək tutur. Məsələn, “10 nəfərə bir qızıl medal vermək işin 20 faizidisə, 2 nəfərə 1 qızıl medal vermək 90 faizidi”, - deyir.

- Siz adətən məşqləri canlı izləyirsiz. Yığmalarımızda həmişə yerli məşqçilər çalışdığından əcnəbilərlə onlar arasında hansı fərqləri qeyd edə bilərsiz?

- Belə deyim ki, əcnəbi mütəxəssis dünyanın bir neçə ölkəsində işləyib və digərləri ilə müqayisədə bir neçə ölkənin psixologiyasını yerlilərdən daha yaxşı bilir. Bunun çox böyük fərqi var. Həm də bu insan tam neytraldı. Bizim üçün də ən vacib olan məsələ mütəxəssisin neytral olmasıdı. Əgər məşq zalına belə baxsaz, dəyişikliyi hiss edəcəksiz. Müasir taekvondoya uyğunlaşmaq, texnika və taktikanın dəyişməsi baxımından bunun gördüyü işlər həqiqətən təqdirəlayiqdi.

- Qadınlardan ibarət yığmamız barədə də fikirləriniz maraqlıdı. Çünki əvvəl yığmada Fəridə Əzizova tək lider idisə, son yarışlarda digər qızlar da uğur qazanırlar...

- Respublika çempionatı keçiriləndə hər 2 baş məşqçinin yerli çalışdırıcılarla görüşü oldu. Yığıncaqda bildirildi ki, Azərbaycan çempionu olmaq, heç də millidə yerini təmin etmək demək deyil. Bu, bütün idmançılara da izah edildi. Taekvondoçu 10 il müddətinə 10 dəfə və ya 15 ildə 15 dəfə Azərbaycan çempionu olub, beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, həmçinin, Olimpiya Oyunlarında nəticə qazanmayıbsa, artıq perspektivi bəllidi, göz qabağındadı. Taekvondo Federasiyasının müstəqillikdən sonra mövcud olduğu ildən bəri ilk dəfə belə sərt qərar qəbul olundu. Təbii ki, bu da hər bir məşqçinin iş metodundan asılıdı. Onlar Azərbaycana gəlib müqavilə imzalayanda da, ilk şərtləri belə oldu ki, heç bir kəs bizim işimizə qarşımasın. Əgər hər hansı bir müdaxilə olacaqsa, bu işə cavabdeh deyilik. Onların bu işi də federasiya rəhbərliyi tərəfindən də bəyənildi. Hamı alqışladı ki, əgər məşqçi bu fikirlə irəliləmək istəyirsə, nəticəmiz olacaq. Qadınlarda da əsas gənc nəslin nümayəndələridi. Onlarda da nəticə və perspektiv olacaq.

- Avropa Oyunlarından nə gözləyirsiz? Komandamızın neçə medal qazanacağını proqnozlaşdırırsız?

- Taekvondoda elektron jiletlər çıxandan sonra nəyisə demək çox çətindi. Hazırda baş geyimini də elektron etdilər. Buna uyğunlaşmaq da vaxt aparır. Bu səbəbdən nəsə demək, proqnoz vermək çox çətindi. Bu günədək elektron jiletləri təmin edən 1 şirkət vardı. Artıq başqa bir şirkətə də lisenziya veriblər. Onların arasında da kifayət qədər fərq var. Bu zaman görün məşqçinin üzərinə hansı öhdəçiliklər düşür. Biz Dünya Taekvondo Federasiyasına müraciət etdik. Onlardan bu gün (söhbət bir gün öncə olub – T.H.) məlumat aldıq ki, Olimpiya Oyunlarında, Qran-pridə və ya dünya çempionatında hansı elektron jilet olacaq. Bunların arasında ciddi fərq olduğundan məşqçi taktiki gedişləri də dəyişməyə məcburiyyətində qalır. Bunun üçün də proqnoz vermək çox çətindi.

- Avropa Oyunlarında olacaq çəkilərin bəzilərində taekvondoçular komandadan kənarlaşdırılıb. Həmin idmançıları əvəzləyəcək ehtiyat qüvvə varmı?

- Layiqli əvəzləyicilərimiz var. 58 kq çəki dərəcəsində liderimiz Məhəmməd Məmmədovdu. 2013-cü ildə gənclər arasında dünya çempionu titulunu qazanıb. Son yarışlar göstərdi ki, gənclər arasında Avropa mükafatçımız, 68 kq çəki dərəcəsində mübarizə aparan Ayxan Tağızadə də yaxşı formadadı. Özünü çox yaxşı tərəfdən göstərir. O, Qətərdə əsl idmançı xarakteri nümayiş etdirərək, 2013-cü ildə dünya çempionu olmuş koreyalı idmançıya qalib gəldi. Bununla məşqçinin də etimadını qazandı. 80 kq çəki dərəcəsində liderimiz Ramin Əzizov zədələnib. Bir neçə yarışı buraxan idmançı çox güman ki, dünya çempionatında da iştirak edə bilməyəcək. Onu kimin əvəz edəcəyi barədə düşünürük. Hələlik konkret qərarımız yoxdu və bunun üzərində işlər gedir. Ağır çəki dərəcəsində də təbii ki, Avropa çempionumuz Radik İsayev var. O, da hələ tam bəlli deyil.

- Qadınların yarışında ümidlər kimədi?

- 49 kq çəki dərəcəsində 3 idmançı sınanır. Digər çəkilərdə də bu nəzərə alınır. Fəridə Əzizova xəstəlik keçirdi, təxminən 1 ay məşq edə bilmədi. Ağır çəkilərdə də namizədlər var. Hələ ad çəkmək istəmirəm. Legionerlərin də dəvət edilməsi istisna olunmur.

- Legionerləri hansı ölkədən gətirməyi planlaşdırırsız? İranlı baş məşqçinin öz ölkəsinə üz tütması mümkündümü?

- Məşqçinin də fikri İrandı. Rusiya, ola bilsin yenə Dağıstana müraciət edək. Yığmamızda çıxış üçün Koreyadan da müraciət ediblər. Amma son qərar baş məşqçinindi.

- Bir müddət öncə millimizə gələn koreyalılar özlərini göstərə bilmədilər. Hətta Azərbaycan çempionatında yerli idmançılara belə uduzdular. Bu dəfə seçim necə aparılacaq?

- Belə qərar vermişik ki, həmin idmançılar da beynəlxalq turnirlərə qatılacaqlar. Orada hansı yüksək nəticə göstərsə, Azərbaycanı təmsil etmək hüququna yiyələnə bilər. Yəni, ölkəmizdə öz taekvondoçumuz döyüşdükdə ona doğma arena, yerli azarkeşlər çox dəstək olur. Azərbaycan idmançıları gəlmələr üzərində qələbə qazana bilir. Amma beynəlxalq yarışlarda təəssüf ki, bunun şahidi olmuruq.

- Avropa Oyunlarında Azərbaycanı neçə hakimin təmsil edəcəyi necə bilinirmi?

- 3 və ya 4 hakim olacağını deyiblər. Amma hələ konkret nəsə yoxdu. Təxminən 2 həftədən sonra Moskvada hakim seminarı olacaq və orada dəqiqləşəcək. Həm Avropa Oyunları, həm də dünya çempionatının referilərinin adına aydınlıq gələcək.

- Qadınlardan ibarət baş məşqçimiz Park Azərbaycan dilini bilir. Mehmandostun necə onunla bərabər addımlacaqmı?

- Mehmandost da öyrənir. Hətta koreyalı məşqçimiz şərt qoyub ki, komandaya gələcək legionerlər də Azərbaycan dilində danışmalıdı. Rusları da məcbur edir ki, “mən sizin dili öyrənəsi deyiləm, məcbur olub Azərbaycan dilini öyrənməlisiz”. Məşqləri də azərbaycanca keçir və kimsə başa düşməyəndə “mən necə Azərbaycan dilini öyrəndim, siz də öyrənməlisiz” deyir. Çox yaxşı ənənənin başlanğıcını qoyub. İranlı mütəxəssis də artıq öyrənib. Kəlmələr uyğun gəldiyindən bilir, lakin hələlik danışmağa utanır. Fikrimcə, 3-4 aya bu problem də arxada qalacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR