Azərbaycanda mobil cihazların qeydiyyat sisteminin tətbiqi mobil telefonların oğurlanmasını minimuma endirəcək

Azərbaycanda mobil cihazların qeydiyyat sisteminin tətbiqi mobil telefonların oğurlanmasını minimuma endirəcək
# 26 fevral 2013 08:39 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən yaxın vaxtlarda ölkədə tətbiq ediləcək mobil cihazların qeydiyyat sistemi (MCQS) istehlakçıların maraqlarının qorunmasına yönəldilib. Bu barədə «APA-Economics»ə İKT İnformasiya Mərkəzindən bildirilib.

Mərkəzdən verilən məlumata əsasən, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş «Mobil cihazların qeydiyyatının aparılması Qaydası» çərçivəsində Azərbaycanda mobil cihazlar bazarının tənzimlənməsi ilk növbədə mobil cihazların istifadəçilərinin təhlükəsizliyi və rahatlığına xidmət edəcək: «Qaydalar tətbiq edildikdən sonra mobil telefonların oğurlanması minimuma endiriləcək. Bununla yanaşı, telefonun sahibinə qaytarılması şansı da dəfələrlə artacaq. Bu hər bir mobil telefonun beynəlxalq IMEI kodunun MCQS-də qeydiyyatı ilə bağlıdır. Müəyyən mənada bank debit/kredit kartlarının bloklaşdırma prinsipinə oxşar olan bu qeydiyyat sistemi vasitəsilə oğurlanmış və itirilmiş mobil telefon bloklaşdırılacaq və onun Azərbaycanda istifadəsi mümkünsüz olacaq. Bunun üçün telefon sahibinin mobil rabitə operatorlarının müştəri xidmətləri mərkəzlərinə və ya Mobil Cihazların Qeydiyyat Mərkəzinə müraciət etməsi kifayət edəcək. Həmçinin, oğurlanmış mobil telefonun IMEI kodu beynəlxalq qara siyahıya salınaraq onun dünyanın bir çox ölkələrində istifadəsinin qarşısı alınacaq».

Qeyd edək ki, artıq bir çox ölkələr MCQS-in tətbiqinə üstünlük verir. ABŞ, Türkiyə, Hindistan artıq bu sistemi tətbiq edib. Avropa Birliyi ölkələrində oğurluq telefonların mobil rabitə şəbəkələrində istifadəsinin qarşısının alınması üçün xüsusi informasiya mübadiləsi sistemi istifadədədir. Məsələn, bu sistemə 2001-ci ildən indiyədək Böyük Britaniyada oğurlanan 710 min mobil telefon qeydiyyata alınıb. Avropa Birliyi üzrə informasiya mübadiləsi sisteminin tətbiqindən sonra regionda telefon oğurluqlarının sayı dəfələrlə azalıb.

Türkiyədə MCQS tətbiq edilənə qədər 3 il ərzində mobil telefonlarla bağlı 7 qətl hadisəsi, 31,2 min oğurluq faktı qeydiyyata alınıb. IMEI kodların tətbiqindən sonra mobil telefonlarla bağlı cinayətlərin sayı kəskin azalıb.

Küçələrdə törədilən cinayətlərin əksəriyyətində mobil cihazların ən qiymətli əşya olduğunu nəzərə alaraq Rusiya da MCQS-in tətbiqini planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR