Sabah Azərbaycan kubokunun final oyunu keçiriləcək

Sabah Azərbaycan kubokunun final oyunu keçiriləcək
# 21 may 2014 08:08 (UTC +04:00)

Bakı – APA. Sabah futbol üzrə Azərbaycan kubokunun final matçı keçiriləcək. Apasport.az saytının məlumatına görə, ölkəmizdə 2013/14 mövsümünə “Qəbələ” – “Neftçi” oyunu ilə yekun vurulacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma XXII ölkə kubokunun qalibini müəyyənləşdirəcək. İndiyədək bu yarışda yolları heç vaxt kəsişməyən rəqiblər Topaz Premyer Liqasındakı mübarizəni burada da davam etdirəcək.

Belə ki, “Qəbələ” ilə “Neftçi” çempionatın mükafatları uğrunda sonadək mübarizə apardı və nəticədə bürünc medallar əyalət klubuna nəsib oldu. Bakılılar 1 pillə geridə qaldığı rəqibindən bunun əvəzini kubokda çıxmağa, Qəbələ təmsilçisi isə həmin uğurun təsadüf olmadığını sübut etməyə çalışacaq.

“Qəbələ” tarixində ilk dəfə finala yüksəlibsə, “Neftçi” üçün həlledici oyunlarda oynamaq az qala adi hala çevrilib. Artıq 9-cu finalını oynayacaq paytaxt təmsilçisi 5 dəfə kuboku başı üzərinə qaldırıb və 3 dəfə məğlub olub. Hər iki komandanın son 3 mövsümlə bağlı uğurlu seriyası da diqqət çəkir.

2011/12 mövsümündə finalda uduzan, ötən il isə kubokun qalibi olan “Neftçi” ardıcıl 3-cü finalında oynayacaq. 2011/12 və 2012/13 mövsümlərində mübarizəni 1/4 finalda dayandıran “Qəbələ” məğlubiyyətsiz oyunları ilə diqqət çəkir. Son iki yarışda rəqibinin səfər qolu sayəsində yarışa “əlvida” deyən komanda çıxışını məğlub olmadan dayandırmışdı.

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev də ardıcıl 3-cü finalın həyəcanını yaşayacaq. Ardıcıl 3 final həm klublar, həm məşqçilər üçün mütləq rekord olsa da, mütəxəssis ardıcıl 2 kubok qazanan ilk çalışdırıcı olmağı da hədəfləyib. Əvvəllər SSRİ və Rusiya kubokunu qazanmış Yuri Syomin isə “Qəbələ” ilə də eyni uğuru təkrarlamaq arzusundadır. Azərbaycan kubokunun finalına yüksələn ilk rusiyalı məşqçi olan mütəxəssis həlledici görüşdə də qalib gəlməklə karyerasında 6-cı kuboku qazanacaq. Onun hesabında futbolçu kimi 1 SSRİ, məşqçi kimi 4 Rusiya kuboku var.

Azərbaycan kuboku

Final

22 may

20:00. “Qəbələ” – “Neftçi”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR