“Azərenerji”nin məcmu mənfəəti 47% azalıb

“Azərenerji”nin məcmu mənfəəti 47% azalıb
# 02 may 2014 07:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. 2013-cü ildə “Azərenerji” ASC-nin məcmu mənfəəti 46,6% azalaraq 84,589 mln. manat təşkil edib.

APA-Economics”in “Azərenerji”nin konsolidə edilmiş hesabatına istinad verdiyi məlumata görə, 2012-ci ildə cəmiyyətin məcmu mənfəəti 158,55 mln. manat təşkil edib.

Ötən il ərzində “Azərenerji”nin mənfəət vergisindən əvvəl mənfəəti 130,607 mln. manata çatıb ki, bu 2012-ci ildəki göstəricidən 10,069 mln. manat və ya 8,4% çoxdur. Buna baxmayaraq, 2013-cü ildə cəmiyyət dövlət büdcəsinə 2012-ci ildəkindən 8 mln. manat çox, yəni 46,018 mln. manatlıq mənfəət vergisi ödəyib.

“Azərenerji”nin gəlirlərində də azalma var. Belə ki, 2012-ci ildə gəlirləri 749,997 mln. manat olan ASC-nin 2013-cü ildə enerji və digər satışdan gəlirləri 743,252 mln. manata düşüb. Baxmayaraq ki, 2013-cü ildə enerji satışından əldə olunan gəlir 717,176 mln. manata yüksəlib. Qeyd edək ki, 2012-ci ildə bu göstərici 716,319 mln. manat idi. Burdan aydın olur ki, məhz digər satışlardan əldə olunan gəlirlər üzrə 7,6 mln. manatlıq azalma “Azərenerji”nin gəlirlərinin aşağı düşməsinə səbəb olub.

Bununla belə, hesabat dövründə “Azərenerji”nin əməliyyat mənfəəti və xarici valyuta mübadiləsindən gəlir üzrə göstəriciləri qənaətbəxş olub. Belə ki, 2012-ci illə müqayisədə əməliyyat mənfəəti 2,76 mln. manat artaraq 92,11 mln. manata, xarici valyuta mübadiləsindən gəlir isə 18,80 mln. manat artaraq 47,431 mln. manata yüksəlib.

Hesabat dövründə “Azərenerji”nin aktivləri 184 min manat və ya 3,4% artaraq 5 mln. 518,911 min manat təşkil edib.

Qurumun uzunmüddətli aktivlərində də artım var. Belə ki, 2012-ci ildə “Azərenerjinin” aktivləri 4 mln. 892,151 min manat idisə, 2013-cü ildə bu göstərici 5 mln. 20,245 min manata bərabər olub.

ASC-nin öhdəliklərinə gəlincə, 2012-ci ildə 3 mln. 314,231 min manata qarşı, 2013-cü ildə 3 mln. 317,331 min manat olub.

2012-ci illə müqayisədə 2013-cü ildə “Azərenerjinin” məcmu kapitalı 181 min manat və ya 9% çox, yəni 2 mln. 201,580 min manat təşkil edib. Qurumun nizamnamə kapitalı 2012-ci ildə olduğu kimi qalıb – 1 mln. 760,495 min manat.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR