Əli Həsənov: “Demokratik dəyərlərin möhkəmləndirilməsi, hüquq və azadlıqların müdafiəsi üçün ardıcıl tədbirlər görülür”

Əli Həsənov: “Demokratik dəyərlərin möhkəmləndirilməsi, hüquq və azadlıqların müdafiəsi üçün ardıcıl tədbirlər görülür”
# 29 dekabr 2013 14:50 (UTC +04:00)

Bunu APA-ya müsahibəsində Azərbaycan Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2013-cü ilin yekunlarını dəyərləndirərkən deyib.

Şöbə müdiri qeyd edib ki, 2004-cü ildən bəri Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artıb, yoxsulluğun səviyyəsi 5,5 faizə, işsizliyin səviyyəsi 4,8 faizə enib: “Bu göstəriciyə görə, Azərbaycan dünyanın bir sıra inkişaf etmiş ölkələrini də geridə qoyub. Ölkədə müasir iqtisadi və sosial infrastruktur yaradılıb, ölkənin enerji təhlükəsizliyi tam, ərzaq təhlükəsizliyi isə əsasən təmin olunub. Azərbaycanın dövlət büdcəsi 17 dəfəyə yaxın artaraq 25 milyard dollara çatıb. 2003-cü ildə 800 milyon dollar təşkil edən strateji valyuta ehtiyatları artıq 50 milyard dollara yüksəlib. Əmək haqları, pensiyalar, təqaüdlər ardıcıl şəkildə artırılıb və bu göstəriciyə görə, Azərbaycan MDB məkanında öncül yerləri tutub. Minlərlə istehsal obyekti, nəhəng zavod və fabriklər, texnoparklar tikilib, 1,2 milyon yeni iş yeri yaradılıb. 2500 məktəb, yüzlərlə səhiyyə müəssisəsi, mədəniyyət, idman obyektləri tikilib. Nəhəng infrastruktur layihələrinin reallaşdırılması nəticəsində Azərbaycan regionun həm də nəqliyyat-logistika mərkəzinə çevrilib. Regional inkişaf proqramlarının reallaşması nəticəsində paytaxtla bölgələr arasında kəskin fərq aradan qaldırılıb”.

Ə. Həsənov xatırladıb ki, Dünya İqtisadi Forumunun 2013-cü ildə açıqladığı hesabata əsasən, Azərbaycan iqtisadiyyatın rəqabətədavamlılığına görə dünyada 39-cu ölkədir və Avropa İttifaqının 28 üzv ölkəsindən 16-nı qabaqlayır.

Şöbə müdiri Azərbaycanda yola saldığımız ildəki ictimai-siyasi durumu da xarakterizə edib: “Dünyanın müxtəlif bölgələrində baş verən xoşagəlməz hadisələr fonunda Azərbaycanda müşahidə olunan dinamik inkişaf, sabitlik, cəmiyyət həyatının ahəngdar ritmi bizim mühüm nailiyyətimizdir. Azərbaycanın düşünülmüş, praqmatik müstəqil daxili və xarici siyasəti dövlətimizi və xalqımızı qlobal aləmdə baş verən bütün problemlərdən sığortalayır, milli birliyimizi, həmrəyliyimizi daha da gücləndirir. Demokratik dəyərlərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsi, baş verən mənfi halların aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirilir”.

Ə. Həsənov prezident İlham Əliyevin bu ilin fevralında “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışını xatırladıb və dövlət başçısının tənqid və iradlarından sonra qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı bütün dövlət orqanlarında mühüm tədbirlərin həyata keçirildiyini deyib: “Rəhbər vəzifəli şəxslər bölgələrə səfərlər edərək vətəndaşları qəbul edib. Vətəndaşların problemlərinin həlli sahəsində görülən işlər daha da gücləndirilib, dövlət orqanlarının, vəzifəli şəxslərin vətəndaşlarla təmasları intensivləşib”.

Şöbə müdiri bildirib ki, həm qanunvericilik, həm də praktiki sahədə korrupsiyaya, rüşvətxorluğa, digər mənfi hallara qarşı mübarizə daha da sərtləşdirilib, sistem xarakterli institusional islahatlar genişləndirilib: ““Elektron hökumət”in inkişaf etdirilməsi, bu ilin əvvəlində fəaliyyətə başlamış “ASAN Xidmət” nümunəsi sistem xarakterli dəyişikliklərin tərkib hissəsidir”.

Ə. Həsənov 2013-cü ildə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, KİV-in sərbəst fəaliyyətinə dövlət dəstəyinin gücləndirildiyini, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Gənclər Fondu və digər təsisatlara dövlət tərəfindən ümumilikdə 30 milyon manata yaxın vəsait ayrıldığını vurğulayıb.

Ə. Həsənov bildirib ki, 2013-cü il Azərbaycan üçün bütün sahələrdə çox uğurlu il olub: “Qarşıdan gələn dövrdə yeni mühüm nailiyyətlərin əsası qoyulub. Bununla belə, öz həllini gözləyən məsələlər də az deyil. Onlardan ən vacibi Ermənistanın işğalçılıq siyasətinə son qoyulması, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır. Əminəm ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə biz bu problemi də həll edəcək, ölkəmizi və xalqımızı daha böyük nailiyyətlərə, zəfərlərə doğru inamla aparacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR