Azərbaycan Turizm İnstitutu Hesablama Palatasının illik hesabatına münasibət açıqlayıb

Azərbaycan Turizm İnstitutu Hesablama Palatasının illik hesabatına münasibət açıqlayıb
# 30 aprel 2014 15:39 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Turizm İnstitutu (ATİ) Hesablama Palatasının 2013-cü ildə bu ali təhsil müəssisəsində apardığı audit yoxlamaları nəticəsində mənimsəmə hallarına yol verilməsinin üzə çıxarılması ilə bağlı bir sıra mətbuat orqanlarında yer alan məlumatlara münasibət bildirib.

İnstitutdan APA-ya verilən məlumata görə, Həqiqətən Hesablama Palatası tərəfindən dövlət ali təhsil müəssisəsi olan ATİ-də plana uyğun şəkildə 25 fevral - 29 mart 2013-cü il tarixlərində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasının auditi həyata keçirilib.

Audit nəticəsində ATİ-də bəzi xırda qüsurlar istisna olmaqla, heç bir maliyyə pozuntusu və ya mənimsəmə faktı müəyyən edilməyib və bu, Hesablama Palatasının 28 mart 2013-cü il tarixli “Audit yoxlamasının yekun aktı”nda təsbit edilib. 2013-cü il üzrə Hesablama Palatası tərəfindən dövlət orqanları və müəssisələrində aparılmış auditlə bağlı Milli Məclisə hesabat verilib və bundan sonra bəzi KİV-də ATİ-də mənimsəmə hallarının olması ilə bağlı yazılar işıq üzü görməyə başlayıb: “Əslində isə audit zamanı müəyyən edilən qüsurlar yerindəcə həll edilib. İnstitutumuzda ilk dəfə keçirilmiş bu auditin nəticələri gənc ali təhsil müəssisəsi olan ATİ-də maliyyə intizamının və mal-material uçotunun daha da təkmilləşdirilməsi işinə xidmət edib. ATİ Boloniya Bəyannaməsinin tələblərini tətbiq edən ilk ali təhsil müəssisələrindən biridir. Ölkəmizin qoşulduğu beynəlxalq təhsil sənədləri ilə milli qanunvericiliyin uyğunlaşdırılması prosesi davam etməkdədir və ATİ yeni yaranmış ali məktəb olaraq təhsildə bir çox pilot layihələr icra edib. Audit zamanı qeyd olunmuş iradların bir çoxu da məhz Boloniya Bəyannaməsində, eləcə də “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı”nda təsbit edilmiş, lakin yoxlamanın əhatə etdiyi dövrdə normativ-hüquqi bazada öz əksini tapmamış müddəalarla bağlı olub. Bu günün özündə də Boloniya prinsiplərinin tətbiqi sahəsində nöqsanlar, boşluqlar, anlaşılmazlıqlar qalır və yeni tənzimləyici sənədlərə hələ də ehtiyac var. Boloniya prosesi təkamül xarakteri daşıdığı üçün, hətta Avropa ali təhsil müəssisələrində də rast gəlinən belə boşluqların olması anlayışla qarşılanmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR