Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib - FOTO

Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın perspektivləri müzakirə edilib - <span style="color: red;">FOTO
# 01 fevral 2014 10:36 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İqtisadiyyat və sənaye naziri, Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin Mustafayev Avropa Birliyinin (AB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, xanım Malena Mard ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və AB arasında mövcud əlaqələr və əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Ş. Mustafayev Azərbaycan və Avropa Birliyi arasında əlaqələrin çoxşaxəli olduğunu, AB-nin Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu və ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını vurğulayıb.

Bildirilib ki, indiyədək Azərbaycanla AB arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Şərq Tərəfdaşlığı Təşəbbüsü, Viza Sadələşdirilməsi haqqında Saziş və digər mühüm sənədlər imzalanıb.

Hazırda Azərbaycanla AB arasında digər əməkdaşlıq sənədləri ilə bağlı müzakirələr aparılır. Azərbaycan Avropa ölkələri ilə bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuş əməkdaşlığı inkişaf etdirmək niyyətindədir. Bu baxımdan, 2014-cü il Azərbaycan-AB strateji əlaqələrinin formatının müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir.

Görüşdə Azərbaycanın Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının fəaliyyətinin, Tvinninq, TAİEX, Sigma, Büdcəyə dəstək yardım alətlərinin ölkəmiz və Avropa Birliyi arasında əlaqələrin inkişafında əhəmiyyəti qeyd olunub, həmçinin, regionların sosial-iqtisadi inkişafına dəstək vermək məqsədilə ölkəmizdə kiçik və orta sahibkarlar üçün sənaye məhəllələrinin yaradılması sahəsində əməkdaşlıq imkanları müzakirə edilib.

Azərbaycanın sosial-iqtisadi inkişafı və regiondakı rolu barədə məlumat verən Ş. Mustafayev ölkəmizin regionda həyata keçirilən layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu diqqətə çatdırıb, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal olunduğunu, Ermənistan-Azərbaycan münaqişəsinin regional inteqrasiyanın inkişafına ən ciddi maneə olduğunu qeyd edib.

M. Mard Azərbaycan və AB arasında əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR