Ağcabədi rayonunda bir əsrdən artıq yaşı olan tarixi tikilidə yanğın baş verib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə gecə saatlarında rayonun Minaxorlu kəndində, Məlikov adına kənd tam orta məktəbinin həyətində yerləşən binada qeydə alınıb.
Məlumata görə, 1880–1890-cı illərdə inşa edilən tikili vaxtilə bəy evi olub. Yaşlı kənd sakinlərinin söylədiklərinə görə, binanın kənddə yaşamış ilxıçı bəylərdən Bahatür bəyə məxsus olduğu ehtimal edilir.
Sovet hakimiyyəti qurulduqdan sonra bəy mülklərinin müxtəlif inzibati məqsədlər üçün istifadə edildiyi, bu binanın da məktəbə çevrildiyi bildirilir. Tikili 2000-ci ilədək Minaxorlu kənd məktəbi kimi fəaliyyət göstərib. Kənddə yeni məktəb binası tikilərək istifadəyə verildikdən sonra isə köhnə binadan anbar kimi istifadə olunub.
***
saat 13.00
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Ağcabədi rayonunun Minaxorlu kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Ağcabədi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.
Yanğınsöndürənlər tərəfindən ümumi sahəsi 370kv.m. olan fəaliyyət göstərməyən ikimərtəbəli məktəb binasında baş vermiş yanğın genişlənərək yaxınlıqda yerləşən və fəaliyyətdə olan digər məktəb binasına keçməsinə imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində binanın yanar konstruksiyaları yanıb.
Yaxınlıqda yerləşən məktəb binası yanğından mühafizə olunub.
Xəsarət alan olmayıb.