Rusiya və İran energetika sahəsində əməkdaşlığı genişləndirir

Rusiya və İran energetika sahəsində əməkdaşlığı genişləndirir
# 10 sentyabr 2014 15:40 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya energetika naziri Aleksandr Novak 40 şirkəti təmsil edən 100-dən çox iş adamı ilə birlikdə İrana səfər edib.

APA - nın Moskva müxbirinin verdiyi xəbərə görə, Rusiya-İran İqtisadi Əməkdaşlıq Şurasının iclasında iştirak edən A. Novak ölkəsinin İranla əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bəyan edib.

Rusiya- İran İqtisadi Əməkdaşlıq Şurasının iclasında avtomobil istehsalı, meyvə-tərəvəz idxalı və dəmir yollarının müasirləşdirilməsi ilə bağlı mövzular müzakirə olunub. Görüşdə həmçinin ikitərəfli ticarət əməliyyatlarında rubl və realın istifadəsinin mümkünlüyü nəzərdən keçirilib.

A. Novakın Tehran səfərinin gündəmində Rusiyanın "Texnopormeksport" şirkətinin imzaladığı əməkdaşlıq müqaviləsi olub. Qeyd edək ki, şirkət nümayəndələri İranda 8 ədəd elektrik stansiyasının inşası üçün bu ilin iyun-iyul aylarında Tehranda müzakirələr aparıblar. Stansiyaların inşası layihələrinin 10 mlrd. dollar dəyərində olduğu bildirilir.

Danışıqlarda iştirak edən şəxslərdən biri Rusiya mediasına açıqlamasında bildirib ki, Moskva İranda elektrik stansiyalarının inşası müqabilində əldə edəcək vəsaitin önəmli hissəsini xam neft formasında alacaq.

A. Novak iranlı həmkarı Həmid Çitçiyanla görüşü zamanı Rusiya enerji şirkətlərinin İranda elektrik stansiyalarının inşası ilə bağlı müzakirələr apardığını təsdiq edib.

"Reuters"in məlumatında isə bildirilir ki, İranla Rusiya arasında bağlanmış müqaviləyə əsasən Tehran Moskvaya gündə 500 min barel neft verə bilər. Moskva isə İrandan aldığı nefti Çin və ya digər ölkələrə sata bilər.

ABŞ prezidentinin mətbuat katibi Cey Kerney bildirib ki, belə bir müqavilə imzalansa, Vaşinqton Rusiya və İrana qarşı sanskiyaları daha da sərtləşdirəcək. Kremlin mətbuat katibi Dmitri Peskov isə Rusiyanın hər addımını sanksiyalarla təhdid edilməsini tənqid edib. O, Rusiyanın digər ölkələrlə əməkdaşlıqdan geri qalmayacağını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR