Asiya İnkişaf Bankı bu günə kimi Azərbaycana 12 layihə üzrə 1,6 mlrd. dollar məbləğində kredit ayırıb

Asiya İnkişaf Bankı bu günə kimi Azərbaycana 12 layihə üzrə 1,6 mlrd. dollar məbləğində kredit ayırıb
# 02 may 2015 07:14 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, bunu Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində keçirilən “Azərbaycan 2020: İnnovativ və şaxələndirilmiş iqtisadiyyata doğru” konfransında iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev deyib.

Nazir qeyd edib ki, bu layihələr Azərbaycanı mühüm tranzit qovşağına, Avrasiya nəqliyyat dəhlizlərinin əhəmiyyətli halqasına çevirir. “Məsələn, “Dəmir ipək yolu” adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolunun bu il istifadəyə verilməsi ilə sərnişinlər Çindən Londonadək dəmir yolu vasitəsilə getmək, şirkətlər isə yüklərini yeni marşrutla daşımaq imkanı əldə edəcəklər”, - deyə Ş. Mustafayev bildirib.

Nazir qeyd edib ki, bir çox infrastruktur layihələrinin həyata keçirilməsində Azərbaycan nüfuzlu beynəlxalq maliyyə təşkilatları ilə, o cümlədən Asiya İnkişaf Bankı ilə sıx əməkdaşlıq edir: “Bu günə kimi bank tərəfindən Azərbaycana 12 layihə üzrə 1,64 milyard dollar məbləğində ayrılmış kreditlər avtomobil yolları, su təchizatı və kanalizasiya, enerji təchizatı, irriqasiya sektorlarındakı layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. Eyni zamanda Bank texniki əməkdaşlıq çərçivəsində 7 layihənin maliyyələşdirilməsinə təxminən 10 milyon dollar məbləğində qrant vəsaiti ayırmışdır. Bankın ölkəmizin özəl sektorundakı fəaliyyəti 2006-cı ildən başlamışdır və bu günədək özəl sektora ayrılmış kreditlərin məbləği 163 milyon dollar təşkil etmişdir”.

Ş. Mustafayev qeyd edib ki, Azərbaycanın Asiya İnkişaf Bankı ilə həyata keçirdiyi müştərək layihələrdə maliyyə dəstəyi ilə yanaşı qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, nəzarət və şəffaflığın yüksək səviyyədə təmin edilməsi, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi bizim üçün xüsusilə mühüm əhəmiyyət kəsb edir.

O xatırladıb ki, Azərbaycan həmçinin bankın CAREC Proqramında fəal iştirak edir. “2008 və 2011-ci illərdə Proqrama Azərbaycan Respublikası sədrlik etmiş, 2011-ci ildə Bakıda keçirilmiş 10-cu Nazirlər Konfransında “CAREC 2020” Strateji Çərçivə Sənədi qəbul edilmişdir”, - deyə nazir qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR