“Listinq Məsləhət Proqramı” üzrə Kollektiv Sazişə yeni tərəfdaşlar qoşulub

“Listinq Məsləhət Proqramı” üzrə Kollektiv Sazişə yeni tərəfdaşlar qoşulub
# 10 sentyabr 2014 10:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov–APA-Economics. Kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə yeni tərəfdaş olaraq audit şirkətləri olan Baker&Tilly, PwC və EY şirkətlərinin Azərbaycan ofisləri qoşulub.

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, LMP çərçivəsində kapital bazarından maliyyələşmək niyyətində olan şirkətlərə bu sahədə Bakı Fond Birjasının habelə, digər peşəkarların – auditorların, broker şirkətlərinin, hüquq, ictimaiyyətlə əlaqələr üzrə ixtisaslaşmış şirkətlərin peşəkar və tam ödənişsiz əsaslarla məsləhət xidmətləri nəzərdə tutulub. Proqram kapital bazarlarından maliyyələşmə imkanlarının təşviqi, şirkətlərin təlimi və potensial emitentlərə əlverişli şərtlərlə uzunmüddətli və ucuz maliyyə resurslarına çıxış istiqamətində kömək göstərilməsi tədbirlərini əhatə edir.

LMP layihəsinin hazırda 10 tərəfdaşı mövcuddur: KPMG, “Baker&Tilly”, PwC və EY audit şirkətlərinin Azərbaycan ofisləri; “Dentons” və “Baker&McKenzie” hüquq şirkətlərinin Azərbaycan ofisləri, broker şirkətləri olan “PAŞA Kapital”, “Standard Kapital”, “İnvestAZ” və “Chealsea Kapital”.

Qeyd edək ki, LMP Azərbaycan prezidentinin 16 may 2011-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin dəstəyi və Bakı Fond Birjasının müvafiq strategiyasına uyğun həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR