Azərbaycan prezidenti Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışında iştirak edib

Azərbaycan prezidenti Müşfiqabad qəsəbəsində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışında iştirak edib
# 27 dekabr 2012 16:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 27-də Bakının Müşfiqabad qəsəbəsi ərazisində 1440 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllənin açılışında iştirak ediblər.

APA-nın məlumatına görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov dövlət başçısına məlumat verib ki, 22 hektar sahəni əhatə edən yeni məhəllədə beşmərtəbəli 20 bina və digər zəruri sosial infrastruktur obyektləri inşa edilib. Məhəlləyə 1440 ailə, o cümlədən Ağdam rayonundan 320, Cəbrayıl rayonundan 570, Füzuli rayonundan 290, Zəngilan rayonundan 100 və digər rayonlardan 160 ailə köçürüləcək. Mənzillərdən 211-i birotaqlı, 659-u ikiotaqlı, 429-u üçotaqlı, 141-i isə dördotaqlıdır. Bundan əlavə, məhəllədə yeni məktəb binası, 140 yerlik uşaq bağçası, təcili yardım stansiyası, poçt şöbəsi, 140 yerlik klub, inzibati bina, yanğınsöndürmə deposu da tikilib.

Prezident İlham Əliyev əvvəlcə Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Nazilə Tağıyevanın evində yaradılan şəraitlə maraqlanıb.

Sonra dövlətimizin başçısı məktəbdə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev məktəbin foyesində məhəllənin maketinə, indiyədək görülmüş işləri əks etdirən stendlərə, idman zalında Qarabağ xalçalarından və əraziləri işğal olunmuş rayonların tarix-diyarşünaslıq muzeylərinin eksponatlarından təşkil edilmiş sərgiyə baxıb.

Məktəblə tanışlıqdan sonra Azərbaycan prezidenti burada məcburi köçkünlərlə və inşaatçılarla görüşüb.

Ağdam rayon 33 nömrəli tam orta məktəbin direktoru Nəsibə Hüseynova məcburi köçkünlər adından dövlət başçısına minnətdarlığını çatdırıb.

Sonda xatirə şəkli çəkdirilib, dövlət başçısı qəsəbədə yaradılan şəraiti yüksək qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR