Sabah Bakıda tibb sərgiləri başlayacaq - FOTO

Sabah Bakıda tibb sərgiləri başlayacaq - <span style="color: red;">FOTO
# 24 sentyabr 2014 10:58 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sabah Bakıda “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətlərinin təşkilatçılığı ilə tibb sahəsində regionun ən iri ixtisaslaşdırılmış tədbiri olan 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - “BIHE”, 9-cu Azərbaycan Beynəlxalq “Stomatologiya” , 8-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik Tibb” (“Beauty Azerbaijan 2014”) sərgiləri keçiriləcək.

APA-nın məlumatına görə, sərgilərlə əlaqədar bu gün keçirilən mətbuat konfransında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Azərbaycan səhiyyəsinin son illərdə əldə etdiyi nailiyyətlərdən danışıb. O, bu sərgilərin keçirilməsinin Azərbaycan səhiyyəsinin inkişafına töhfə verdiyini də söyləyib.

Layihələrin meneceri Elmira Ağayeva bildirib ki, 25-27 sentyabr tarixində keçiriləcək 20-ci Yubiley Azərbaycan Beynəlxalq Səhiyyə - “BIHE” sərgisində 17 ölkədən 147 şirkət müasir səhiyyə sektoru üçün zəruri olan ən yeni məhsullarını nümayiş etdirəcək: "Bu ölkələr arasında Azərbaycan, Belarus, Böyük Britaniya, Almaniya, İtaliya, Rusiya, Ukrayna, Türkiyə, İsveçrə, Çin, ABŞ və digər ölkələr yer alır. Sərgidə nümayiş etdirilən tibbi məhsul və xidmətlərin geniş spektrinə tibbi və laboratoriya avadanlıqları, stomatoloji avadanlıqlar, əczaçılıq preparatları, istehlak materialları, dezinfeksiya vasitələri, ortopedik məhsullar, yüksək texnoloji diaqnostika və müalicə metodları, tibbi texnika və s.-dir. Bu il sərgidə xarici ölkələrdə tibbi xidmətlər təklif edən doqquz beynəlxalq klinika və mərkəz, eləcə də iki turizm agentliyi iştirak edəcək. Bu ilki “BIHE” sərgisi onun yubileyinə həsr edilmiş tədbirlər proqramı ilə seçilir".

O əlavə edib ki, bu il Azərbaycan Tibb Universitetinə ən yüksək balla daxil olan tələbəyə xüsusi mükafatın təqdim edilməsi bu tədbirlərdən bir olacaq: "Həmçinin, ziyarətçilər və iştirakçılar sərginin keçirildiyi 20 il ərzində onun tarixi anlarını əks etdirən yubiley stendi sayəsində keçmişə virtual səfər edə biləcəklər".

“BIHE” sərgisinə paralel olaraq iki tədbir - 9-cu Azərbaycan Beynəlxalq “Stomatologiya” (“Stomatology Azerbaijan 2014”) və 8-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik Tibb” (“Beauty Azerbaijan 2014”) sərgiləri keçiriləcək. Azərbaycan, Bəhreyn, Gürcüstan, İtaliya, BƏƏ, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin peşəkar kosmetika bazarında fəaliyyət göstərən aparıcı şirkətləri 8-ci Azərbaycan Beynəlxalq “Gözəllik və Estetik Tibb” (“Beauty Azerbaijan 2014”) sərgisində iştirak edəcəklər.

Eksponentlər gözəllik salonları, fitnes klublar, spa mərkəzləri və bərbərxanaların işində geniş şəkildə tətbiq edilən məhsul və texnologiyaları nümayiş etdirəcəklər. Sərgi ekspozisiyasında lazer kosmetologiya avadanlıqları, aşqarlar, mezoterapiya məhsulları, doldurucular, peşəkar kosmetika, bədənə qulluq məhsulları, gözəllik salonları üçün avadanlıqlar, dırnaqlara qulluq vasitələri, ətriyyat, saçlar üçün peşəkar kosmetika və bir çox digər məhsullar var. Sərgi ziyarətçiləri öz sahəsinin aparıcı mütəxəssislərinin iştirakı ilə keçirilən ustad dərsləri, habelə saçın modelləşdirilməsi, manikür, eləcə də dəriyə qulluq proseduraları üzrə nümayişlər zamanı məhsullarla yaxından və bilavasitə təcrübədə tanış olacaqlar. “Stomatology Azerbaijan” sərgisinin iştirakçıları həmçinin stomatoloji avadanlıqlar və birdəfəlik istifadə materialları ilə bağlı yenilikləri, implantologiya və dişlərin ağardılması sahəsində yeni texnologiyalar və ağız boşluğunun gigiyenası vasitələrini nümayiş etdirəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR