ETSN “Xəzər həftəsi” ilə bağlı tədbirlər keçirəcək

ETSN “Xəzər həftəsi” ilə bağlı tədbirlər keçirəcək
# 22 sentyabr 2014 08:41 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Sentyabrın 22-27-də “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə Xəzər dənizinin Azərbaycana mənsub 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala və Lənkəranda vətəndaşların, yerli icra strukturlarının, təhsil müəssisələrinin və KİV nümayəndələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi, həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində görülən işlər barədə məlumat veriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA - ya verilən məlumata görə, “Beynəlxalq Dəniz günü” münasibətilə keçirilməsi nəzərdə tutulan bütün mədəni-kütləvi tədbirlər dənizin ekoloji cəhətdən saflığının və davamlılığının qorunmasına, onun sərvətlərinin mühafizə olunmasına, eləcə də bu istiqamətdə görülən işlər barədə ictimaiyyətin maarifləndirilməsinə yönəlib.

Nazirlik Xəzərətrafı rayonların idarə və təşkilatlarını, eləcə də bütün ictimaiyyət nümayəndələrini bu tədbirlərdə fəal iştirak etməyə çağırır.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi qərara uyğun olaraq 1978–ci ildən etibarən hər il sentyabr ayının sonuncu həftəsi “Beynəlxalq Dəniz günü” kimi qeyd olunur. Tədbirin keçirilməsində məqsəd dünya ictimaiyyətinin diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir. Ekoloji təqvimə daxil edilmiş “Beynəlxalq Dəniz günü”nün davam etdiyi müddətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək, eyni zamanda hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR