Bakıda Çinin milli bayramı qeyd edilib - FOTO

Bakıda Çinin milli bayramı qeyd edilib - <span style="color: red;">FOTO
# 25 sentyabr 2014 23:57 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 25-də Çinin Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Çin Xalq Respublikasının yaradılmasının 65-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. APA-nın AzərTAc-a istinadən verdiyi xəbərə görə, tədbirdə səfir Honq Jiuyin çıxış edərək Çinin inkişaf yolundan danışıb, ölkədə iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olduğunu söyləyib.


Səfir deyib ki, Çin və Azərbaycan sadiq dost və etibarlı tərəfdaşdırlar. Diplomatik münasibətlər qurulduğu gündən ölkələrimiz arasında dostluq əlaqələri qarşılıqlı inam və hörmət əsasında inkişaf edir. Çin Azərbaycanın ənənəvi dostluq və səmərəli əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirir.
Diplomat əmin olduğunu deyib ki, birgə səylər nəticəsində ikitərəfli münasibətlər xalqlarımızın mənafeyinə və maraqlarına uyğun olaraq bundan sonra daha da inkişaf edəcək.


Qəbulda çıxış edən nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan hökuməti adından mərasim iştirakçılarını təbrik edib, Çin xalqına uğurlar və firavanlıq arzulayıb.
Çinin Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu deyən nazir ikitərəfli əməkdaşlığın bir çox sahələrdə sürətlə inkişaf etdiyini deyib. O, yüksək səviyyəli qarşılıqlı səfərlərin, imzalanan çoxsaylı sənədlərin əlaqələrimizin daha da dərinləşməsinə töhfə verdiyini diqqətə çatdırıb.


Azərbaycanın və Çinin beynəlxalq təşkilatlarda daim bir-birini dəstəklədiyini qeyd edən Z.Məmmədov rəsmi Pekinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığını bildirib.


Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, səfirlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR