Müsavat Partiyasının Beyləqan rayon təşkilatının bir qrup üzvü istefa verib

Müsavat Partiyasının Beyləqan rayon təşkilatının bir qrup üzvü istefa verib
# 23 fevral 2015 16:03 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Müsavat Partiyasının Beyləqan rayon təşkilatı sədrinin müavinləri və bir qrup üzvü partiyadan istefa verərək, Azad Demokratlar Partiyasına qoşulub. Bu barədə APA-ya Azad Demokratlar Partiyası Ali Məclisinin sədri Tapdıq Abbas məlumat verib.

T. Abbas deyib ki, fevralın 22-də Beyləqanda Azad Demokratlar Partiyasının rayon təşkilatının formalaşdırılması ilə bağlı yığıncaq keçirilib, bir sıra Müsavat üzvləri isə həmin yığıncağa qatılaraq təmsil olunduqları partiyadan istefa verdiklərini bəyan ediblər: “Müsavat Partiyasının Beyləqan rayon təşkilatı sədrinin müavinləri Nadir Ələsgərli, Akif Nəsirli, Vaqif Cəmiloğlu, Vəkil Yelmaroğlu, Vəlyəddin Quliyev, Zahid Cabbarlı, Rahil Qəmbərli və digərləri istefa verdikləri barədə bəyanat yayıblar. Nadir Ələsgərlidən başqa istefa verən həmin şəxslər bundan sonra Azad Demokratlar Partiyasının sıralarında fəaliyyət göstərəcəklərini bildiriblər”.

N. Ələsgərli APA-ya açıqlamasında partiyadan istefa verdiyini təsdiqləyib. O, partiya başqanı Arif Hacılının siyasətinə etiraz olaraq belə qərar verdiyini söyləyib: “Arif Hacılı partiyada avtoritarizm yaradıb və partiyanı bərpa edənləri Müsavatdan kənarlaşdırır”.

Müsavat başqanının müavini Elman Fəttah isə partiyanın Təşkilat şöbəsi tərəfindən məsələnin araşdırılmasından sonra mətbuata məlumat veriləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR