Bakı Metropoliteninin «28 May» stansiyasında görülən işlər açıqlanıb

Bakı Metropoliteninin «28 May» stansiyasında görülən işlər açıqlanıb
# 28 mart 2013 15:11 (UTC +04:00)

Bakı Metropolitenindən «APA-Economics»ə verilən məlumata görə, bu mərhələyə daxil olan işlər müəyyən edilmiş qrafikə uyğun aparılır. İşlərin yerinə yetirilməsi zamanı əsas diqqət sərnişinlərin təhlükəsizliyinə yönəldilib. Hələlik başlıca işlər stansiyanın əsas giriş vestibülündə aparılır. Burada söküntü prosesi yekunlaşmaq üzrədir. Stansiya üzərindəki günbəzşəkilli hissənin söküntüsü davam edir. Bu isə o deməkdir ki, hazırda fəaliyyətdə olan çıxış da tezliklə söküləcək.

Bakı Metropoliteninin rəis müavini, Tikilən Metropoliten müdiriyyətinin rəhbəri Arif Rəsulovun sözlərinə görə, aprel-may aylarında bu hissədə də əsas işlərə başlanılacaq. Gələcəkdə xətlərin bir-birindən ayrılacağını nəzərə alaraq metropoliten rəhbərliyi rekonstruksiyadan sonra stansiyanın giriş-çıxışından və keçid imkanlarından sərnişinlərin optimal rahat istifadə etməsi üçün bir sıra yeniliklər tətbiq edəcəklər.

Yenidənqurmanın tikinti mərhələsinin ilk prosesinə - fasadın qarşısında sütunların bünövrəsinin qoyulmasına başlanılıb. Yenidənqurmadan sonra stansiyanın təkcə görkəmi dəyişməyəcək. Burada bir çox avadanlıqlarda və onların iş qabiliyyətində dəyişikliklər ediləcək. Əsas dəyişikliklər arasında havalandırma və kondisionerləşdirmə sistemlərini qeyd etmək olar. Yuxarı vestibüldə kassa zalı, həmçinin maşın zalı səviyyələrindən başqa platforma hissəsində yerləşən texniki otaqlarda yerli ventilyasiya sistemi yeniləndirilərək, müasir standartlar səviyyəsinə çatdırılacaq. İqlim nəzarəti müasir kanal sistemlərinə uyğun olaraq aparılacaq. Yeni sistemlər hər bir otaqda ayrı-ayrılıqda fərdi iqlim nəzarətini tətbiq etməyə imkan verir. Sistemlərin tətbiqi zamanı stansiyanın estetik görkəmi və ümumi dizaynına xələl gətirilməməsinə də xüsusi fikir veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR