Səfir azərbaycanlı sahibkarları Hindistana investisiya qoymağa dəvət edib

Səfir azərbaycanlı sahibkarları Hindistana investisiya qoymağa dəvət edib
# 04 iyul 2016 12:35 (UTC +04:00)

Bakı - APA-Economics. Hindistanın Azərbaycandakı səfiri Sancay Rana Caspian Energy İnternational Media Group-un prezidenti və baş redaktoru Natalya Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Caspian European Club (Caspian Business Club) və Caspian Energy International Media Group çərçivəsində informasiya səviyyəsində əlaqələrin genişləndirilməsi imkanları müzakirə olunub.

Səfir “Caspian Energy”nin məşhur jurnal olduğunu və iqtisadiyyatın olduqca mühüm istiqamətini əhatə etdiyini qeyd edib. “Jurnalda yer alan müsahibə və məqalələri daima izləyirəm. Gələcəkdə daha geniş əməkdaşlığa ümid bəsləyirəm”, - deyə səfir qeyd edib.

"Heç şübhəsiz ki, biz Azərbaycan şirkətlərini Hindistanda investisiya qoymağa dəvət etmək istərdik. Bildiyiniz kimi, Azərbaycanda neft-qaz sektoru güclü inkişaf edib. İqtisadiyyatın sürətlə irəlilədiyi Hindistanda da bu sahə olduqca mühümdür. Azərbaycanda qeydiyyat və xarici şirkətlər tərəfindən biznesin aparılması şərtlərinin sadələşdirilməsi və bu sahədə islahatların aparılması da müsbət amildir. Hindistanla Azərbaycan arasında kifayət qədər sıx dostluq əlaqələri var. Biz bu münasibətləri biznes, ticarət, investisiya sahələrində gələcəkdə də inkişaf etdirmək niyyətindəyik. Azərbaycan hökuməti bu istiqamətdə fəal iş aparır. Biz də öz növbəmizdə Azərbaycan şirkətlərinin Hindistanda biznes qurmaq üçün mövcud şərtlərin yüngülləşdirilməsi ilə bağlı lazımi tədbirlər görürük", - deyə S. Rana vurğulayıb.

Səfir Hindistan investorlarının iştirak etdiyi Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sahələrindən bəhs edərkən bunları qeyd edib: “Hindistanın “ONGC Videsh” beynəlxalq neft şirkəti Azəri-Çıraq-Günəşli neft yataqları və Bakı-Tbilisi-Ceyhan boru-kəmərində “Hess” korporasiyasından pay əldə etmək üçün 1 milyard dollara yaxın yatırım edib. Bizim milli neft şirkətlərimiz neft-qaz kəşfiyyatındakı paylarını genişləndirmək niyyətindədirlər və Azərbaycanın neft və neft-kimya sektoruna yatırım üzrə yaranacaq imkanlara yalnız sevinə bilərlər. Biz Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı sahəsində atdığı ciddi addımların şahidiyik. Bu istiqamətdə Azərbaycana yardım etməkdən məmnunluq duyuruq. Hindistan şirkətləri həmçinin qeyri-neft sektorunun, xüsusilə də Azərbaycan hökumətinin böyük dəstək göstərdiyi kənd təsərrüfatının inkişaf imkanlarına nəzər salmaqda maraqlıdırlar. Hindistan şirkətləri əczaçılıq və informasiya texnologiyaları sahələrində də güclü inkişaf edib; onlar Azərbaycanda, xüsusilə də burada yaradılan sənaye və texnologiya parklarında fəaliyyət göstərməkdə maraqlı olardılar. Hindistan dünyada dördüncü ən nəhəng neft məhsulları tədarükçüsüdür. Bundan əlavə, biz iri neft emalı habı və Asiyada ikinci nəhəng emal ölkəsiyik. Hindistanda əhəmiyyətli qaz ehtiyatları cəmlənib".

Səfir Hindistanın həmçinin iri şist qazı ehtiyatlarına sahib olduğunu vurğulayıb: "BP, Cairn Energy, Shell, BG Group kimi beynəlxalq şirkətlər Hindistanda böyük sərmayə qoyublar. İnvestisiya imkanları "upstream", qaz boru kəməri, şəhər qaz şəbəkələri, LNG terminalları, neft-kimya və emal kompleksləri sahələrində geniş təmsil olunur. Kəşfiyyatın lisenziyalaşdırılması milli siyasəti karbohidrogenin kəşfi və əldə olunması üçün çərçivə müqaviləsini rəqabətə davamlı açıq hərrac sistemi vasitəsilə təmin edir. Bu, Hindistanın özəl və milli neft şirkətləri, həmçinin xarici investorlar üçün şəffaf və sabit rəqabət mühitidir. Xarici investorlara vahid büdcə-vergi tələbləri və müqavilə şərtləri tətbiq olunur. Azərbaycandan olan investorlar Hindistana səfər edə, sərmayə qoya, həmçinin neft-qaz yataqlarını mənimsəyə bilərlər. Azərbaycan şirkətləri sözügedən sahələrdə geniş imkanlara və ixtisaslaşmaya sahibdir. Biz onların Hindistana gəlmələrini və Hindistanın neft-qaz sektorunda aktiv fəaliyyət aparmalarını istərdik”, - deyə diplomat bildirib.

Səfir həmçinin Hindistanı Azərbaycan və regionun digər dövlətləri ilə birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf məsələsinə də toxunub: “Biz Azərbaycanla daha sıx iqtisadi əlaqələrin qurulmasında maraqlıyıq və bunu qonşuluq siyasətimizin genişləndirilməsinin bir hissəsi hesab edirik. İranla kəsişən quru və dəmir yol şəbəkələri vasitəsilə Hindistanın qərb limanlarını Azərbaycan və Rusiya ilə birləşdirən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafını Azərbaycanla ticarət və biznes əlaqələrinin inkişafı üçün ən yaxşı vasitə hesab edirik. Bu dəhlizin inşası bizim üçün böyük prioritet təşkil edir”.

“Hindistanda birbaşa xarici investisiyanın (BXİ) həcmi ötən il 55,46 milyard dollara çatıb. Hindistan hökumətinin birbaşa xarici investisiyalara yol açmağa xidmət edən, Hindistanda investisiya qoyuluşu şərtlərini yüngülləşdirən yeni islahatlarından sonra bu, BXİ ən yüksək göstəricisi kimi qeydə alınıb”, - deyə səfir bildirib. O qeyd edib ki, “Make in İndia” layihəsi çərçivəsində xarici investorlar müdafiə, inşaat, bərpa olunan enerji mənbələri və dəmiryol infrastruktur layihələri kimi mühüm sənaye sektorlarında iştirak etmək üçün geniş imkanlar əldə ediblər.

Görüşdən sonra səfir “Caspian Energy” jurnalına eksklüziv müsahibə verib. Müsahibə zamanı o, Hindistanla Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf üzrə atılan addımlar, iki dövlətin iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, enerji bazarının inkişaf perspektivləri barədə danışıb. O, həmçinin turizm sektorunun, səhiyyə və müalicəvi turizmin inkişafı istiqamətində həyata keçirilən tədbirlərə toxunub. Səfir qeyd edib ki, Hindistan şirkətləri Azərbaycana gəlməyə, investisiya qoymağa və sözügedən sahələrdə Azərbaycan şirkətləri ilə əlaqələri inkişaf etdirməyə səy göstərirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR