Azərbaycan gömrükçüləri Əfqanıstan həmkarlarına kömək edəcək - FOTO

Azərbaycan gömrükçüləri Əfqanıstan həmkarlarına kömək edəcək - <span style="color: red;">FOTO
# 01 mart 2013 14:57 (UTC +04:00)

Bakı – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti Əfqanıstanda rəsmi səfərdə olub.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, səfər çərçivəsində Kabil şəhərində DGK rəhbərliyinin Əfqanıstanın maliyyə nazirinin müavini Mubin Şah və Gömrük Xidmətinin baş direktoru Bismillah Kammavi ilə görüşü keçirilib. Görüşdə belə səfərlərin iki ölkə arasında əlaqələrin inkişafına müsbət təsiri qeyd edilib. Əfqanıstanın nazir müavini ölkəsinin gömrük xidmətinin strukturu, fəaliyyəti, gələcəkdə bu qurumun daha da təkmilləşdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barəsində ətraflı məlumat verib.

Öz növbəsində DGK sədri A.Əliyev Azərbaycanın gömrük xidmətinin inkişafı, istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində müstəsna rolundan danışıb, xüsusilə, qanunvericilik bazasının möhkəmləndirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Səfər çərçivəsində A.Əliyevlə BMT Baş Katibinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Yan Kubiş arasında görüş keçirilib. DGK sədri iki dost ölkə arasında əlaqələrin gələcək perspektivləri barədə danışaraq, gömrük qurumlarının birgə əməkdaşlığından ətraflı bəhs edib.

Həmçinin, Əfqanıstan Gömrük Xidmətinin inzibati binasında KİV nümayəndələri üçün geniş mətbuat konfransı keçirilib.

Mətbuat konfransında ilk olaraq bəyanatla çıxış edən Əfqanıstan maliyyə nazirinin müavini M.Şah iki ölkə arasında əməkdaşlığın gələcək perspektivlərindən danışaraq, xüsusilə qədim İpək Yolunun bərpası ilə bağlı Əfqanıstan dövlətinə və şirkətlərinə məxsus yüklərin Azərbaycandan tranzit keçməklə Avropaya çatdırılması barədə fikirlərini açıqlayıb, bu sahədə mövcud problemlərdən danışıb. Nazir müavini eyni zamanda Azərbaycan tərəfinə ölkəsinin gömrük xidmətinə edilən yardımlara görə təşəkkürünü bildirib.

Öz növbəsində A.Əliyev gələcəkdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən gömrük sferasında daha da genişlənəcəyinə ümid etdiyini bildirib, Azərbaycan tərəfinin əfqanlı həmkarlarına gömrük işi sahəsində yardımlarını bundan sonra da əsirgəməyəcəyini vurğulayıb. Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Əfqanıstan hökumətinə təşəkkürünü bildirən DGK sədri fevralın 26-da 21-ci ildönümü qeyd edilən, erməni vəhşiliyinin bariz sübutu olan Xocalı soyqırımı barədə KİV nümayəndələrinə geniş məlumat verib. Sonra jurnalistləri maraqlandıran suallar ətraflı cavablandırılıb.

Mətbuat konfransının sonunda Azərbaycan Dövlət Gömrük Komitəsi adından Əfqanıstan Gömrük Xidmətinə hədiyyə olaraq 12 ədəd kompüter dəsti, 100 ədəd ingilis və fransız dillərində çap edilən Kəmaləddin Heydərovun müəllifi olduğu «Azərbaycan gömrüyü sabit inkişaf yolunda», Hironori Asakuranın «Gömrük və tariflərin dünya tarixi» adlı kitabları və sair nəşrlər təqdim edilib.

Sonra Kabil Beynəlxalq Hava Limanında DGK adından Əfqanıstan Gömrük Xidmətinə iki ədəd informasiya köşkü hədiyyə edilib. Azərbaycan gömrük xidməti tərəfindən həmçinin narkotik maddələrin aşkarlanması üzrə təlim keçmiş iki ədəd kinoloji xidmət itləri Əfqanıstan Gömrük Xidmətinin xahişi ilə bu ölkənin hava limanında fəaliyyət göstərən polis orqanlarına hədiyyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR