AMEA-da İnstitut Direktorlarının Şurası və Gənclər Bürosu yaradılacaq

AMEA-da İnstitut Direktorlarının Şurası və Gənclər Bürosu yaradılacaq
# 14 mart 2013 13:34 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) İnstitut Direktorlarının Şurası və Gənclər Bürosu yaradılacaq.

APA-nın xəbərinə görə, bunu Akademiyanın institutlarının Gənc Alimlər Şuralarının sədrləri ilə görüşündə AMEA-nın prezidenti səlahiyyətlərini icra edən Akif Əlizadə deyib.

Onun sözlərinə görə, Direktor Şurasının yaradılması institutların bir qədər də aktivləşməsinə şərait yaradar: “İnstitut direktorları hamısı həmişə Rəyasət Heyətinin iclaslarında iştirak edə bilmirlər. Direktorlar Şurası olarsa, AMEA-daxili problemləri daha ətraflı müzakirə etmək olar. Beləliklə, ölkənin fundamental elmi problemlərinə diqqət daha da artar”.

A.Əlizadə deyib ki, AMEA-da gənclərlə bağlı xüsusi qurum yaradılarsa, gənclərin problemləri daim diqqətdə olar: “Bu qurumun adının dəqiq nə olması vacib deyil. Vahid bir plan ətrafında gənclərə dair işlər görülə bilər. Gənclər özləri də çox aktiv olmalıdırlar. Konfrans və forumlar keçirmək yaxşı haldır. Amma gənclər AMEA-nın problemlərinin həllində yaxından iştirak etməlidirlər. AMEA institutlarının yarısının veb-saytı yoxdur. İndi isə 2013-cü ildir. Niyə gənclər bu problemi qaldırmırlar?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR