Naxçıvan Muxtar Respublikasında 6 ay ərzində ticarət obyektlərindən, mənzillərdən və digər ərazilərdən pul, qızıl-zinət əşyaları, əlvan metallar, məişət əşyaları oğurlamaqda şübhəli bilinən 89 nəfər məsuliyyətə cəlb olunub.
Bu barədə APA-ya MR DİN-dən məlumat verilib.
Həmin dövrdə narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsini idarə edən 11 nəfər saxlanılıb.
Bununla yanaşı, qeyd edilən dövr ərzində narkotiklə əlaqəli 8 cinayət faktı aşkarlanıb, şübhəli şəxslər barəsində məsuliyyət tədbirləri görülüb.
Polis əməkdaşları tərəfindən yabanı halda bitmiş 19,218 ton çəkidə 230. 632 ədəd çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv olunub.
Həyata keçirilmiş əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək vədi ilə, habelə müxtəlif bankların adından istifadə etməklə kredit veriləcəyi bəhanəsi altında dələduzluq əməlləri törədərək pul vəsaitlərini mənimsəyən, eləcə də sosial şəbəkələr vasitəsilə qanunsuz onlayn qumar və kazino oyunlarının təşkilini həyata keçirən ümumilikdə 20 nəfər müəyyən olunaraq məsuliyyətə cəlb edilib.
Sosial media platformalarında ictimai qaydanın və əxlaq normalarının qorunması istiqamətində keçirilən tədbirlərlə qanunvericiliyin tələblərinə zidd məzmunların yayılmasında təqsirli bilinən 41 şəxs barəsində müvafiq tədbirlər görülüb.
Mülki-hüquqi öhdəliklərin icrasından yayınan, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 961 nəfər müəyyən edilərək saxlanılıb.
Qeyd olunan faktlarla bağlı araşdırmalar davam etdirilir, saxlanılan şəxslər barəsində məhkəmələrin qərarları ilə müvafiq qətimkan tədbirləri seçilib.