Azərbaycan şagirdləri dünyanın ən yüksək ali məktəblərinə imtahansız qəbul olmaq imkanı əldə edəcəklər

Azərbaycan şagirdləri dünyanın ən yüksək ali məktəblərinə imtahansız qəbul olmaq imkanı əldə edəcəklər
# 21 fevral 2013 13:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı –APA. Azərbaycanda şagirdlər dünyanın ən yüksək ali məktəblərinə imtahansız qəbul olmaq imkanı əldə edəcəklər. APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov Beynəlxalq Bakalavriat Təşkilatının Afrika, Avropa və Yaxın Şərq üzrə regional direktoru Adrian Kerneylə keçirilən görüşdə deyib. M.Mərdanov bildirib ki, bu, Beynəlxalq Bakalavriat Təşkilatının Proqramına qoşulan məktəbləri bitirən şagirdlərə şamil olunacaq. Nazirin sözlərinə görə, hazırda həmin proqram Azərbaycanın 4 orta məktəbində tətbiq olunur ki, bunlara da “Beynəlxalq Məktəb”, “Dünya məktəbi”, “XI əsr Beynəlxalq Təhsil və İnformasiya Mərkəzi” və 6 saylı orta məktəb daxildir: “Bu proqramın tədris olunduğu orta məktəbləri bitirən şagirdlər xarici ali məktəblərə imtahansız qəbul olmaqla yanaşı, orada 1 il hazırlıq kursu keçmədən birbaşa ali təhsilə başlayacaqlar”.


M.Mərdanov bu məktəblərdə tətbiq olunan proqramlara “Azərbaycan dili”, “Azərbaycan tarixi” və “Azərbaycan coğrafiyası” fənlərinin daxil edilməsini təklif edib. O vurğulayıb ki, bundan sonra həmin orta məktəblərin sənədləri bu proqramın tətbiq olunduğu digər ölkələrin məktəblərinin sənədləri ilə qarşılıqlı şəkildə tanına bilər.

Nazir beynəlxalq proqram üzrə məktəbi bitirən şagirdlərin imtahansız Azərbaycanın ali məktəblərinə qəbul olmaq məsələsinin mühüm müzakirə mövzusu olduğunu deyib: “Çünki Azərbaycan qanunvericiliyinə görə, orta məktəbləri bitirən hər bir şagird ölkəmizin orta və ali təhsil müəssisələrinə yalnız test üsulu ilə imtahan verdikdən sonra qəbul olunurlar. Bu şagirdlərin imtahansız ölkənin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunması üçün birgə müzakirələr aparılmalı və qarşılıqlı razılıq əldə olunmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR