Azərbaycan prezidenti Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi–uşaq bağçasında yaradılan şəraitlə tanış olub

Azərbaycan prezidenti Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi–uşaq bağçasında yaradılan şəraitlə tanış olub
# 27 dekabr 2012 18:16 (UTC +04:00)

Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev dekabrın 27-də Bakının Müşfiqabad qəsəbəsində əsaslı təmir edilmiş 67 nömrəli körpələr evi–uşaq bağçasında yaradılan şəraitlə tanış olub.

APA-nın verdiyi xəbərə görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verib ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin balansında olan ikimərtəbəli bina 1987-ci ildə inşa olunub. Ötən 25 il ərzində burada əsaslı təmir və yenidənqurma işləri görülməmişdi. Azərbaycan prezidentinin tapşırığına əsasən, binanın əsaslı təmirinə ötən ilin iyunundan başlanılıb.

Binanın təmirdən əvvəlki görüntülərini əks etdirən fotostendə baxan prezidentə məlumat verilib ki, bina tam yararsız vəziyyətə düşmüşdü. Uşaq bağçasının yeni binası indi yüksək standartlara cavab verir.

Məktəbəqədər təhsil müəssisəsində yaradılan şəraitlə tanış olan prezidentin və xanımının diqqətinə çatdırılıb ki, 112 yerlik bu müəssisədə 40 müəllim və tərbiyəçi 7 qrupda 2-6 yaş arası uşaqların təlim-tərbiyəsi ilə məşğul olacaq. Balacaların zövqünə uyğun qurulan bağçada ayrıca musiqi və oyun zalları fəaliyyət göstərir. Musiqi zalında müasir texniki qurğular, oyuncaqlarla yanaşı, Heydər Əliyev Fondunun hədiyyəsi olan 3D formatlı kinozal da qurulub. İşıqlı və geniş sahəsi olan yeməkxanada uşaqlar gün ərzində dörd dəfə yeməklə təmin olunacaqlar. Mətbəx avadanlığı da Heydər Əliyev Fondu tərəfindən bağçaya hədiyyə olunub.

Diqqətə çatdırılıb ki, burada körpələrin və uşaqların sağlıq durumları da daim nəzarətdə saxlanılacaqdır. Bu məqsədlə binada ayrıca həkim otağı fəaliyyət göstərir. Körpələr üçün 15, uşaqlar üçün isə 20 nəfərlik qrup otaqları da yüksək səviyyədə təşkil olunub. Otaqlarda rahat çarpayılar, əlvan rəngli masa və oturacaqlar, balacaların inkişafına və əylənməsinə kömək edən müxtəlif oyuncaqlar, kitablar var. Divarlarda balacaların sevimlisi olan nağıl qəhrəmanlarının şəkilləri asılıb.

Məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sisteminin yaradıldığı bina daimi isti və soyuq su ilə təmin olunacaq. Bütün otaqlarda video-kameralar vasitəsilə müşahidələr aparılacaq. İkinci mərtəbədəki dərs otağı rus, ingilis və digər xarici dillərin tədrisi üçün nəzərdə tutulub. Burada uşaqlar həm də məktəbə hazırlıq prosesini keçəcəklər. Tədris otağı da bütün lazımi avadanlıqla təchiz olunub.

Müəssisənin ərazisinə baxan dövlət başçısına məlumat verilib ki, bura tam abadlaşdırılmış, yeni yaşıllıq zolağı salınıb. Həyət yaşıllaşdırılmış, uşaqlara yol hərəkəti qaydalarını öyrətmək məqsədilə xüsusi meydança salınıb. Ərazidə ayrıca oyun və istirahət guşələri yaradılıb.

Uşaq bağçasında yaradılan şəraitdən razılığını bildirən prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR