Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyevin Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının (ÜSTT) prezidenti seçilməsi münasibətilə mətbuat konfransı keçirilib.
APA-nın məlumatına görə, mətbuat konfransında Türkiyə Cümhuriyyəti Sağlamlıq Turizm Assosiasiyasının (THTC) Bakıdakı şəbəkə ofisinin direktoru, “Gilan Turizm”in təmsilçisi Fərid Məcidov, Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının baş katibinin müavini Ceyhun Aşurov, sağlamlıq turizmi üzrə mütəxəssislər, otel şəbəkəsi əməkdaşları, turizm ictimaiyyəti iştirak edib.
R. Quliyev çıxışında deyib ki, təşkilat yarandığı gündən dövlətin yürütdüyü turizm siyasətini dəstəkləyir və Azərbaycanda sağlamlıq turizminin daha da inkişaf etdirilməsinə öz töhfəsini vermək istiqamətində fəaliyyət göstərir. Azərbaycanın 2013-cü ildən Ümumdünya Sağlamlıq Turizmi Təşkilatında (Global Helathcare Travel Council - GHTC) təmsil olunduğunu deyən çıxışçı ölkənin 2014-cü ildən təşkilatın idarə heyətində fəaliyyət göstərdiyini diqqətə çatdırıb: “Təşkilatın ilk prezidenti Türkiyə Sağlıq Turizmi Təşkilatının sədri Emin Çakmak olub. O, hazırda qurumun fəxri prezidentidir. Məqsədimiz GHTC-nin geniş imkanlarından istifadə edərək, ölkəyə turist axınına səbəb ola biləcək fəaliyyətləri gücləndirmək, ekspert xidmətləri və investisiya imkanlarını dəyərləndirməkdən ibarətdir. Ümumdünya Sağlamlıq Turizmi Təşkilatı Türkiyənin təşəbbüsü ilə 23 mart 2013-cü ildə Monakoda 14 ölkədən 21 nümayəndənin iştirakı ilə yaradılıb. Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının idarə heyətinə və rəhbərliyinə yeni seçkilər Türkiyədə keçirilən II “Hestourex” sərgisi çərçivəsində həyata keçirilib. Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosiasiyası da bu tədbirdə təmsil olunub. Bu seçim Azərbaycanda sağlamlıq turizminin inkişafına yeni töhfə verəcək və ölkə turizminin bu istiqamət üzrə tanıdılmasına geniş imkanlar yaradacaq. Bu təşkilatda fəal üzvlüyümüz Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Ötən beş ildə ölkəmizin turizm potensialın tanınmasına böyük əmək sərf olunub. Biz çalışacağıq ki, rəhbərliyimiz dövründə də bu istiqamətdə işlərimizi davam etdirək. 22 ölkədən 48 nümayəndənin qatıldığı belə bir möhtəşəm tədbirdə Azərbaycanın Ümumdünya Sağlamlıq Turizmi Təşkilatına səsvermə yolu ilə rəhbər seçilməsi bir daha ölkəmizin dünyada artan nüfuzundan xəbər verir. Toplantının nəticələrinə görə 2019-cu ildə Beynəlxalq Sağlamlıq Turizm Forumu Azərbaycanda keçiriləcək. Bu da ölkəmizdə turizmin daha da genişlənməsinə təkan verəcək”.
Mətbuat konfrasında Ümumdünya Sağlamlıq Turizmi Təşkilatının baş katibinin müavini Ceyhun Aşurov təşkilatın Azərbaycanda bu sahə üzrə həyata keçirmək istədiyi layihələr barədə danışıb. O bildirib ki, 60 ölkənin, o cümlədən, Rusiya, Böyük Britaniya, Almaniya, Türkiyə, Hindistan kimi ölkələrin təmsil olunduğu beynəlxalq quruma Azərbaycan 2014-cü ildən üzvdür.
Mətbuat konfransında Dünya Sağlamlıq Turizmi Təşkilatının son seçkisini əks etdirən videoçarx nümayiş olunub, jurnalistləri maraqandıran suallar cavablandırılıb.