ABŞ Rusiya ilə bütün növ nüvə silahlarının azaldılmasına dair danışıqlara başlamaq niyyətindədir

ABŞ Rusiya ilə bütün növ nüvə silahlarının azaldılmasına dair danışıqlara başlamaq niyyətindədir
# 22 fevral 2013 03:36 (UTC +04:00)

Bakı-APA. ABŞ Rusiya ilə bütün növ nüvə silahlarının, o cümlədən qeyri strateji silahlarının azaldılmasına dair danışıqlara başlamaq niyyətindədir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini vəzifəsini müvəqqəti icra edən Rouz Qettemüller bəyan edib.

“ABŞ aydın şəkildə bildirib ki, nüvə silahlarının ümumi sayının tədricən azalması məsələsinə sadiq qalır, o cümlədən Rusiya ilə bütün növ silahların – strateji və qeyri strateji silahların azaldılmasına dair yeni razılaşmalara hazırdır”, deyə Qettemüller bəyan edib.

Bu məqsədin reallaşması üçün ABŞ Rusiya ilə strateji təhlükəsizliyin və hər iki dövlətdə şəffaflığın təmin olunmasına yönəlmiş dialoq aparır.

“Bu sahədə əsas prioritetlərdən biri qeyri strateji nüvə silahlarıdır. ABŞ iki ölkənin qeyri strateji silah arsenalları arasında olan bərabərsizlik problemini həll etməyə hesablanmış danışıqlara başlamaq istəyir”, deyə Qettemüller qeyd edib.

Qeyd edək ki ABŞ və Rusiya taktiki silahlarının sayı barədə məlumatları məxfi saxlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR