YAP-ın şöbə müdiri: “Fransa Senatının qəbul etdiyi qanun seçkiqabağı siyasi alver olmaqla yanaşı antidemokratik qərardır”

YAP-ın şöbə müdiri: “Fransa Senatının qəbul etdiyi qanun seçkiqabağı siyasi alver olmaqla yanaşı antidemokratik qərardır”
# 06 fevral 2012 13:37 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. “Fransa parlamentinin tarixdə baş verməsi bəlli olmayan hadisə haqqında qanun qəbul etməsi demokratiyaya uyğun deyil. Bu sənədi Fransa kimi ölkənin Senatının qəbul etməsi nəinki demokratik prinsiplərə ziddir, eyni zamanda çox xoşagəlməz misaldır. Çünki artıq dünya Fransanın qəbul etdiyi sənədi müzakirə edir. Bu, seçkiqabağı siyasi alver olmaqla yanaşı antidemokratik qərardır, Fransa Konstitusiyasına ziddir. Fikrimcə, Fransa Konstitusiya Məhkəməsi qanunun təsdiqinə imkan verməyəcək. Eyni zamanda, Türkiyə və Azərbaycan bu istiqamətdə işlərini davam etdirməlidir”. APA-nın xəbərinə görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Asəf Hacıyev YAP-ın saytına müsahibəsində deyib.

O təklif edib ki, dövlətlərə BMT-nin hansısa qurumu səviyyəsində tarixdə baş verməsi təsdiqlənməmiş hadisə haqqında qanunların qəbul edilməməsi tövsiyə olunsun: “Türkiyə yaxın illərdə dünyanın iqtisadi baxımdan ən böyük 10 dövləti sırasında olacaq. Bu qanunun qəbul olunması isə yalnız Fransaya başağrısı verəcək. Fransa Senatının qəbul etdiyi qanun Avropa dəyərlərinə ziddir. Belə çıxır ki, fransızlar bu dəyərlərə qarşı çıxır. Avropanı birləşdirən məhz dəyərlərdir. Bu dəyərlərə qarşı çıxmaq Avropa Birliyi üçün böyük problemlər yaradacaq. Onsuz da Avropa Birliyi ciddi iqtisadi böhran yaşayır. Bunun ardınca isə mənəvi böhran gəlir. Hesab edirəm ki, bu məsələlər Avropaya daha ciddi zərbə vuracaq. Çünki bütün bunlar Avropanın gələcəyi üçün xoşagələn hadisələr deyil”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR