Azərbaycanla qaz müqaviləsi olmayan şirkətlər TANAP layihəsindən pay ala bilməyəcək

Azərbaycanla qaz müqaviləsi olmayan şirkətlər TANAP layihəsindən pay ala bilməyəcək
# 11 iyul 2012 14:20 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda “Botaş” şirkəti ilə ARDNŞ bir qədər əvvəl bağlanmış müqavilə üzrə detallı müzakirələr aparır: “Eyni zamanda layihə üzrə səhmdarların müqaviləsi hazırlanır. Bu zaman layihədən pay almaq üçün müraciət etmiş şirkətlərin müraciətləri nəzərə alınacaq”.

R.Abdullayev qeyd edib ki, TANAP layihəsinə qoşulmaq üçün çoxsaylı müraciətlər var: “Hətta “Şahdəniz” konsorsiumuna daxil olmayan bəzi şirkətlər də TANAP layihəsindən pay almaq üçün müraciət ediblər. Amma TANAP-dan yalnız o şirkətlərə pay veriləcək ki, onlar Azərbaycanda hansısa qaz müqaviləsinin iştirakçısı olsunlar. Qaz müqaviləsi olmayan şirkətlərin bu layihəyə qoşulmasının mənası yoxdur”.

Qeyd edək ki, Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş iyunun 26-da İstanbulda imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetrə, 2023-cü ildə 23 mlrd. kubmetrə, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq. İlk dövrdə TANAP kəməri ilə nəql olunacaq 16 mlrd. kubmetr Azərbaycan qazının 10 mlrd. kubmetri Avropaya, 6 mlrd. kubmetri isə Türkiyəyə satılacaq. Avropa üçün nəzərdə tutulan qaz Türkiyə-Bolqarıstan və ya Türkiyə-Yunanıstan sərhədində təhvil veriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR