Dövlət Komitəsi: Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılması lüzumsuz addımdır

Dövlət Komitəsi: Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılması lüzumsuz addımdır
# 17 oktyabr 2012 16:15 (UTC +04:00)
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya daxil olan açıqlamada bildirilir.

Açıqlamada qeyd olunub ki, 2001-ci ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin bilavasitə iştirakı ilə Rusiya Federasiyasında ÜmumRusiya Azərbaycan Konqresi (ÜAK) yaradılıb: “Qısa müddət ərzində Rusiya Federasiyasının 67 subyektində 73 regional bölməsi yaradılan ÜmumRusiya Azərbaycan Konqresi Azərbaycanın dünyadakı ən güclü və nüfuzlu diaspor təşkilatlarından biridir”.

ÜAK-ın fəaliyyətinin təqdir olunduğu açıqlamada Diasporla İş üzrə Dövlət Komitəsinin “Rusiyada yaşayan azərbaycanlıların haqlı olaraq ən çox etimad göstərdiyi ictimai təşkilat olduğu halda bu ölkədə yeni bir qurumun yaradılmasını lüzumsuz addım” hesab etdiyi qeyd olunub: “Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın Azərbaycan Təşkilatları İttifaqının yaradılmasını bu ölkədə yaşayan soydaşlarımızın birlik və həmrəyliyinə xidmət etməyən addım hesab edərək bundan böyük təəssüf hissi keçirir və buna mənfi münasibət bəsləyir”.

Qeyd edək ki, Rusiyada yaşayan azərbaycanlıların bir hissəsi Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqı (ÜATİ) adlanan yeni təşkilat yaratdıqları barədə bəyanatla çıxış edib. Azərbaycanın baş nazirinin keçmiş 1-ci müavini Abbas Abbasov, Azərbaycanlıların Milli-Mədəni Muxtariyyatının (“Azerros”) prezidenti Söyün Sadıxov, Rusiya Notarial Kontorlar Gildiyasının prezidenti Natiq Agamirov, Asif Məhərrəmov, Rüstəm İbrahimbəyov, iş adamı İsgəndər Xəlilov və başqaları daxildir. Çox maraqlıdır ki, siyahıda Rusiya Dövlət Dumasının üzvü, RF baş nazirinin keçmiş müavini Ramazan Abdulatipovun da adı olduğu yeni qurum bu il sentyabrın 28-də təsis edilib və artıq qeydiyyata da alınıb. ÜATİ-nin mərkəzi ofisi Moskva şəhərinin mərkəzində, Krasnaya Presnya küçəsi 24, ünvanında yerləşir.

Lent.az-ın məlumatın görə, ÜATİ artıq Rusiyada fəaliyyət göstərən bütün diaspor qurumlarına, regionlardakı irili-xırdalı bütün təşkilatlara ÜATİ-də, onun Koordinasiya Şurasında təmsil olunmaları barədə müraciət ünvanlayıb.

Həmin müraciətdə bundan sonra Rusiyada yaşayan soydaşlarımızın problemlərinin daha effektiv şəkildə həll edilməsi, ortada olan problemlərin həlli istiqamətində birgə fəaliyyət göstərilməsi və digər məqamlar yer alıb.

Yeni qurumun Koordinasiya Şurasında təmsil olunanlardan biri, Söyün Sadıxov Lent.az-a açıqlamasında bildirib ki, əslində Koordinasiya Şurası tipli diaspor qurumunu xeyli əvvəl təsis etmək niyyətində olublar. “Bildiyiniz kimi, Rusiyada iki böyük diaspor qurumu - ÜAK və Federal Milli-Mədəni Muxtariyyat – “Azerros” fəaliyyət göstərir. Rusiyanın bir çox regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları arasında ciddi fikir ayrılıqları var. Bəzən ÜAK-la, digər qurumların sədrləri arasındakı münasibətlər düşmənçilik həddinə kimi gedib çıxır. Bütün bu problemləri, habelə diaspor qurumlarının birgə fəaliyyətini koordinasiya etmək üçün bu təşkilatı yaratdıq. Ağsaqqal kimi isə quruma Azərbaycan baş nazirinin keçmiş birinci müavini, hazırkı iş adamı Abbas Abbasov seçildi. Mən, Vahid Ələkbərov, Natiq Ağamirov, Rüstəm İbrahimbəyov, İsgəndər Xəlilov, Asif Məhərrəmov, Telman İsmayılov Koordinasiya Şurasının üzvü seçildik”.

Sadıxovun dediyinə görə, Koordinasiya Şurasının ilk iclasına ÜAK-ın nümayəndələri də dəvət edilib. Amma ÜAK qurumu tanımayıb və iclasa qatılmayıb. S. Sadıxovun dediyinə görə, o, şəxsən ÜAK-a rəsmi dəvətnamə göndərib. ÜAK-dan yenə etiraz edilib.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun da yeni qurumun yaradılmasından xəbəri olub: “O da yeni qurumun diaspor quruculuğu istiqamətində fəaliyyətində bizə uğurlar arzuladı”.

Ümumrusiya Azərbaycanlıları Konqresinin baş katibi Mikayıl Hüseynov isə bildirib ki, ona bu qurumun niyə və hansı məqsədlə təsis edildiyi bəlli deyil: “ÜAK ulu öndərimiz Heydər Əliyevin və Vladimir Putinin səyi nəticəsində yaranıb, Rusiyada fəaliyyət göstərən ən böyük Azərbaycan diaspor qurumudur. Yarandığı gündən bəri də öz fəaliyyəti ilə etimadı doğruldub. Müxtəlif layihələr həyata keçirib, diaspor quruculuğunda önəmli addımlar atıb. Bir sözlə, yeni qurumun iddia etdiyi fəaliyyət proqramını ÜAK uğurla həyata keçirib və keçirməkdədir”.

M. Hüseynovun dediyinə görə, ÜATİ yarananda onlara heç bir dəvət gəlməyib: “Hətta gəlsə belə, iştirak etməyə lüzum görməzdik. Çünki biz ayrıca qurumuq və heç bir Koordinasiya Şurasında təmsil olunmaq fikrimiz yoxdur”.

Bu arada yayılan başqa bir xəbərə görə, ÜmumRusiya Erməniləri İttifaqının (ÜEİ) sədri, Ümumdünya Erməni Konqresinin prezidenti Ara Abramyan oktyabrın 23-də Rusiyadakı Azərbaycan icmasının rəhbərliyi ilə görüşəcək. Bu barədə Ara Abramyan ÜEİ-in İrəvandakı qurultayındakı çıxışında deyib. Onun sözlərinə görə, bu görüş Ermənistanla Azərbaycan arasında münasibətlərdə gərginliyin azalmasına kömək edəcək.

“Biz bütün icmalarla əməkdaşlıq etməliyik və istisna deyil ki, qarşıdakı bu görüş bir sıra problemlərin həllinə kömək edəcək”, - deyə Ara Abramyan bildirib.

Söyün Sadıxov da belə bir görüşün keçiriləcəyini təsdiqləyib. Onun dediyinə görə, görüş razılaşdırılıb və oktyabrın 23-də baş tutacaq. ÜAK-dan aldığımız məlumata görə isə bu qurum görüşə dəvətli deyil.

Qeyd edək ki, ÜAK 2001-ci ildə yaradılıb və həmin vaxtdan quruma Məmməd Əliyev başçılıq edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR