Ştefan Füle: “Gürcüstanın Avropaya inteqrasiya yolu davam etməlidir”

Ştefan Füle: “Gürcüstanın Avropaya inteqrasiya yolu davam etməlidir”
# 18 oktyabr 2012 20:44 (UTC +04:00)
Gürcüstan. Nizami Məmmədzadə-APA. AB-nin xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Ketrin Eştonun tapşırığı ilə Gürcüstana rəsmi səfərə gələn Avropa Birliyinin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle Gürcüstanda fəaliyyətdə olan indiki hakimiyyət nümayəndələri və yeni hakimiyyətə namizədlərlə bir sıra rəsmi görüşlər keçirib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ştefan Füle bu gün Gürcüstanda keçirdiyi bir sıra rəsmi görüşlərdən sonra «Radisson» mehmanxanasında jurnalistlər üçün brifinq keçirib. “Gürcüstanın liderləri problemlərini arxada qoydular, hakimiyyətin ötürülməsi prosesi asan gedir.” Bu sözləri Ştefan Füle brifinqdə deyib. Onun sözlərinə görə, Saakaşvili və İvanişvili ölkənin maraqları naminə bir-birinə olan iddialarını unudublar. “Mən bu liderləri alqışlayıram. Çünki onlar öncə Gürcüstanın maraqlarını düşünürlər. Buna görə, mən onların vətənpərvərliyini alqışlayıram və düşünürəm ki, bu iki lider gələcəkdə birgə işləyəcəklər. Bu məsələlərlə bağlı biz həm prezidentlə, həm də İvanişvili ilə, eyni zamanda bir sıra nazirlərlə söhbətlər apardıq”, deyə Füle bildirib.
Ştefan Füle Gürcüstanın AB-nə inteqrasiyası ilə bağlı fikirlər də səsləndirib. “Biz çox şadıq ki, Xarici İşlər Nazirlərinin Avropa Birliyi Şurası Gürcüstanda keçirilən demokratik seçkiləri tanıyıb və Avropaya inteqrasiya yolunu dəstəkləyib. Son illər Gürcüstan AB-nə iqtisadi inteqrasiya və siyasi assosiasiya yolunda konkret irəliləyiş əldə edib və inteqrasiyaya gedən bu yol davam etməlidir, çünki Gürcüstan Avropanın bir parçası olmaq istəyir”, Ştefan Füle qeyd edib.
Brifinqdə Avropa Birliyinin səfiri Filip Dimitrov və Avropa xarici xidməti baş katibinin müavini, siyasi direktor Xelqan Şmidt iştirak edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR