Azərbaycanda doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanında yenilik tətbiq olunacaq

Azərbaycanda doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanında yenilik tətbiq olunacaq
# 01 noyabr 2012 11:30 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Gələn il Azərbaycanda doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanında yenilik tətbiq olunacaq. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) doktoranturaya fəlsəfə fənnindən qəbul imtahanı komissiyasının sədri, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə bildirib.

Onun sözlərinə görə, ictimai və fundamental elmlər üçün fəlsəfədən sualların fərqli olması təklif ediləcək: “Hazırda fundamental və ictimai elmlər üçün fəlsəfə sualları təxminən eynidir. Bu il keçirilən imtahanlar göstərdi ki, fundamental elmlərin iddiaçıları ilə müqayisədə humanitar və ictimai elmlərin namizədləri daha dərin biliklərə malikdirlər. Bu ilin sonunda fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanlarının keçirilməsinə dair təkliflərimizi hazırlayıb təqdim edəcəyik. Bu, vacib bir məsələdir. Elmə gələn gənclərin sayı o qədər də çox deyil. Ona görə də çalışmalıyıq ki, imtahanlar rəqabəti aydınlaşdırmaqla yanaşı, gəncləri elmdən qorxutmasın. Gənc alimlərin formalaşması üçün doktorantura çox gözəl bir yoldur”.

İ.Məmmədzadə deyib ki, hazırlanacaq təkliflərdə fəlsəfə fənni üzrə tədris vəsaitlərinin çoxaldılması və fəlsəfədən qəbul imtahanlarına daha çox vaxtın ayrılması da əks olunacaq: “İstərdik ki, fəlsəfəyə aid tədris vəsaitləri daha çox olsun. Rusiyada humanitar və fundamental elmlər üzrə fəlsəfədən tədris vəsaitləri də fərqlənir. Digər tərəfdən, hazırda fəlsəfə fənnindən doktoranturaya qəbul imtahanları qısa müddət ərzində keçirilir. Halbuki bu müddət ərzində iddiaçıların fəlsəfi biliklərini yoxlamaq bir qədər çətindir. Bunun üçün daha çox vaxt ayırmaq lazımdır”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR