Koreya İKT sahəsində Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir

Koreya İKT sahəsində Azərbaycan şirkətləri ilə əməkdaşlıq etmək niyyətindədir
# 08 fevral 2012 07:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilə Koreyanın Azərbaycanda səfərdə olan bir qrup nümayəndəsi arasında görüş keçirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, «Korea International Cooperation Agency»nin (KOICA) əməkdaşlıq məsələləri üzrə məsləhətçisi Çonqi Çoinin (Chonghee Choi) rəhbərlik etdiyi nümayəndə heyətinə bu ölkənin «Eximbank», Strateji və Maliyyə, eləcə də Xarici İşlər və Ticarət nazirliklərinin təmsilçiləri daxil olub.

Azərbaycanla rabitə sahəsində əməkdaşlıq istiqamətində araşdırma aparılmasını müsbət dəyərləndirən nazir müavini qonaqlara ölkədə gedən islahatlar, nazirliyin fəaliyyət sahələri barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda hazırda «Elektron hökumət» quruculuğu istiqamətində işlər davam etdirilir: «Respublikada əsas istiqamət kimi «Elektron hökumət» formalaşdırırıq. Nazirlik bu prosesdə əlaqələndirici qurum kimi iştirak edir. Bundan başqa, ölkədə kosmik sənayenin inkişaf etdirilməsi ilə bağlı işlər aparılır. Telekommunikasiya peykinin orbitə buraxılması Nazirlik tərəfindən həyata keçiriləcək».

Qarşıda yeni fəaliyyət istiqamətlərinin də olduğunu açıqlayan E.Vəlizadə böyük planlar sırasına Regional İnnovasiyalar Zonasının yaradılmasının daxil olduğunu deyib: «Bu zonalar yerli şirkətlərin istehsal etdikləri məhsulların ixracatı üçün bir zəmindir. Hazırda İKT sahəsində əldə olunan gəlirlərin təxminən 80%-i məhz ölkədəki özəl sektorun hesabına formalaşıb. Bundan başqa, Azərbaycan TransAvrasiya Super İnformasiya Magistralı layihəsinin reallaşdırılması istiqamətində də uğurla fəaliyyət göstərir. Ölkədə nanomaterialların, energetik texnologiyaların tətbiqi sahəsində də işlər aparılıb. Bu istiqamətdə Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən prototiplər hazırlanıb».

Koreya ilə İKT sahəsində əməkdaşlığı yüksək dəyərləndirən nazir müavini bu ölkə ilə Azərbaycan arasında siyasi və iqtisadi əməkdaşlığın gücləndiyini bildirib. E.Vəlizadə qeyd edib ki, Koreya təcrübəsi Azərbaycan üçün yaxşı nümunədir və Azərbaycan bu təcrübədən istifadə edə bilər.

Öz növbəsində Ç.Çoi Azərbaycanla əməkdaşlıqda maraqlı olduqlarını bildirib və qeyd edib ki, Koreya bu sahədə Azərbaycanın istənilən planlarını reallaşdıra bilər: «Bu sahədə Azərbaycan şirkətləri ilə əməkdaşlıqda maraqlıyıq».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR