Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsi üzrə İran diplomatlarından hansının mövqeyinin düzgün olduğunu müəyyənləşdirmək asandır”

Mübariz Əhmədoğlu: “Dağlıq Qarabağ münaqişəsi üzrə İran diplomatlarından hansının mövqeyinin düzgün olduğunu müəyyənləşdirmək asandır”
# 05 mart 2012 11:23 (UTC +04:00)
Bakı – APA. “İranın Ermənistandakı səfiri Seyid Əli Saqayanın Dağlıq Qarabağ münaqişəsi, bu münaqişədəki status-kvo və "erməni soyqırımı”na dair verdiyi rəsmi bəyanatlardan bir həftə keçmiş İran Xarici İşlər Nazirliyinin Beynəlxalq Məsələlər və Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Mustafa Dövlətyar Bakıda bunların əksinə bəyanatlar verdi”. APA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib.

Mübariz Əhmədoğlu bildirib ki, İranın Ermənistandakı səfiri Dağlıq Qarabağ münaqişəsi başlayandan İranın neytral, balanslaşdırılmış siyasət apardığını, başqa sözlə, İranın Azərbaycanı müdafiə etmədiyini bildirdiyi halda, İran XİN-in baş analitiki Bakıda İranın münaqişə yarandığı gündən Azərbaycan Respublikasının mövqeyini dəstəklədiyini söyləyib: “İranın Ermənistandakı səfiri təmsil etdiyi ölkənin DQ münaqişəsi regionunda status-kvonun saxlanılmasında, başqa sözlə, DQ münaqişəsinin həll olunmamasında maraqlı olduğunu bəyan etdi. İran XİN-in digər rəsmisi Dövlətyar isə İranın DQ münaqişəsinin tənzimlənməsində hamıdan artıq maraqlı olduğunu bildirdi. Maraqlı vəziyyət yaranır: İran XİN-in iki rəsmisi bir-birini təkzib edən mövqe nümayiş etdirirlər. M. Dövlətyar “erməni soyqırımı”nın tanınmasında İranın mövqeyi ilə bağlı bir söz demədiyi üçün səfir Saqayanın bu mövzudakı bəyanatını cavabsız hesab edirik. İki iranlı rəsminin hansının yalan, hansının düz dediyini müəyyənləşdirmək üçün müqayisəli təhlil aparmağa əlimizdə imkanlar var:

a) Dövlətyarın dedikləri məntiqi baxımdan əsaslı görünür, amma İranın real siyasəti səfir Saqayanın dediyi istiqamətdədir. Rəsmi Bakı Dövlətiyarın dediyi vasitəçilik missiyasında İranın təklifini qəbul edib; hətta DQ münaqişəsinin tənzimlənməsində vasitəçilik etməyi özü İrandan xahiş edib. İndi İranın vasitəçilik təklifini Ermənistan tərəfi rədd edib. İranın vasitəçilik təklifinin Ermənistan tərəfindən rədd olunmasından sonra İranın Ermənistandakı səfiri Saqayan DQ məsələsi üzrə daha aşkar və qatı ermənipərəst mövqe nümayiş etdirməyə başladı. Savadsız adamlar hansısa vəzifədə otura bilərlər, amma dünyada hansısa analitik mərkəzə savadsız adamın rəhbərlik etdiyini deyə bilmərik, bir dənə də olsun belə nümunə yoxdur. M. Dövlətyar heç vaxt savadsız adam ola bilməz və səfir Saqayanın fikirlərinin aqressivliyində olan dəyişikliyin İranın vasitəçilik təklifinə Ermənistanın rədd cavabı verməsindən sonraya düşməsini onun görməməsi mümkün deyildir; yəqin ki, görüb də, yuxarılar üçün hesabat da hazırlayıb. Yuxarıların qərarları isə göz qabağındadır. İranın təkliflərini rədd etdikcə, onun başına min oyun açdıqca İran Ermənistana daha da yaxınlaşır, pul və vəsait ayırır;

b) M. Dövlətyar DQ münaqişəsinin tənzimlənməsini İranın maraqlarına cavab verdiyini deyərkən də haqlıdır, çünki İranın bugünkü ərazi bütövlüyü üçün yaranmış təhlükələrin, onun başına açılan oyunların bünövrəsi SSRİ dağılarkən İran sərhədlərinə bitişik DQ münaqişəsi yaranarkən qoyuldu. O, analitik kimi bunu görür, amma reallıqda yenə də İranın Ermənistandakı səfirinin dediyi fikirlər hökm sürür. İran DQ münaqişəsinin tənzimlənməsində status-kvonun saxlanılması istiqamətində fəaliyyət göstərir. Çünki belə fəaliyyət növü İrana həm Azərbaycan Respublikasını cəzalandırmağa, həm də nəzarətsiz ərazilərdən İrana lazım olanları (radioaktiv maddələri, ikili texnologiyaları, narkotik maddələri və s.) keçirməyə, beynəlxalq ictimaiyyətə qarşı ritorika nümayiş etdirməyə imkan verir;

c) M. Dövlətyar İranın DQ məsələsinin həllində Azərbaycana kömək etmək barədə düşündüklərini də bəyan etdi. Səfir Saqayan burada da çox konkret mövqe bildirir: İran və Ermənistan regional təhlükəsizliyin təminində birgə iştirak edirlər və bundan sonra da iştirak edəcəklər. Ermənistanın ABŞ-la, İsraillə əlaqələri vahid regional təhlükəsizlik siyasəti aparmaqda İrana qətiyyən maneçilik törətmir. Əgər M. Dövlətyarın dediyi gələcək zamana aiddirsə, səfir Saqayanın dediyi, həm keçmişi, həm bu günü, həm də gələcəyi əhatə edir;

ç) İranın Ermənistandakı səfiri S. Saqayanın verdiyi bəyanatdan bir həftədən çox vaxt keçmişdir, amma İran XİN-i bu günədək həmin bəyanata reaksiya verməməklə öz mövqeyini ortalığa qoyub. Bu prizmadan M. Dövlətyara utopik fantaziyaya malik, sağlam düşüncəli, savadlı ziyalı kimi yanaşmaq daha düzgündür. Hər halda M. Dövlətyar öz rəhbərliyini Ermənistandakı səfirinin bəyanatına reaksiya verməməsinin səbəbini bizə nisbətən daha yaxşı bilir.

İranda M. Dövlətyar kimi sağlam əqidəli, əsl müsəlman düşüncəsinə malik adamlar görünür ki, var, amma onların qanını qaraltmağa məcburam: İran heç zaman DQ münaqişəsinin ədalətli həlli ilə məşğul olmayacaqdır. Bu vaxtadək apardığı siyasət bunu deməyə əsas verir.

İran DQ münaqişəsi regionunun yeganə qonşusudur. Bu, ona müstəsna səlahiyyətlər verir. İran istərsə bir neçə saat ərzində DQ münaqişəsi həll oluna bilər. Azərbaycan qaçqınlarını çıxartdığı yolla da Azərbaycan möminlərini eyni ərazilərə qaytarıb qəbirləri ziyarət etməyə, namaz qılmağa göndərə bilər. İslam dövləti 20 il ərzində bunu belə etməyibsə, başqa söz deməyə ehtiyac yoxdur. Orada ölənlərin hamısı müsəlmandır; içərilərində məşhur seyid nəsillərindən olanlar da var. Heç bizə də İranın yardımı lazım deyil: İrandan kənarda yaşayan varlı azərbaycanlılardan xümsü, zəkatı toplayıb Azərbaycan Respublikasına yardım edən iranlılar bu yardımları dəfələrlə başımıza qaxınc edib, sərki veriblər. Bir qarış torpağımızı qaytarsalar, yüzillər boyu başımıza qaxınc edəcəklər. Çünki İran nə dünyəvi, nə də dini prinsiplərə riayət etmir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR