“SOCAR-AQŞ” rekord müddətə - 42 günə quyu qazıb

“SOCAR-AQŞ” rekord müddətə - 42 günə quyu qazıb
# 12 sentyabr 2012 11:43 (UTC +04:00)
Bakı - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və “Abşeron Qazma Şirkəti” (AQŞ) tərəfindən təsis edilmiş «SOCAR-AQŞ» birgə müəssisəsi (BM) quyu qazmasının sürətinə görə rekord vurub.

«APA-Economics»in xəbərinə görə, BM-nin yaydığı məlumatda bildirilir ki, «SOCAR-AQŞ» 308 saylı quyunun qazmasını tamamlayıb. Layihə dərinliyi 3000 metr olan 308 saylı quyu “Günəşli” yatağının dayazsulu hissəsində Fasilə Lay Dəstəsinə ən sürətlə qazılmış quyudur. Belə ki, bu quyu 1842 m/ay rekord kommersiya sürəti ilə qazılaraq cəmi 42 günə 3009 metr dərinliyə çatdırılıb. Onu da qeyd edək ki, “Günəşli” yatağının dayazsulu hissəsində bundan əvvəlki rekord göstərici də məhz «SOCAR-AQŞ»yə məxsusdur: 43 günə 3373 metr.

Məlumatda bildirilir ki, sifarişçi tərəfindən Fasilə Lay Dəstəsinə qazılan quyuların qazma işi ilə yekunlaşdırılması üçün ən azı 90 gün vaxt müəyyən edilir. Lakin “SOCAR-AQŞ” əməliyyatlarında yeni idarəetmə üsulları, standartlar və yeni yanaşma tətbiq etməklə sifarişçi tərəfindən təyin edilən müddəti xeyli qabaqlayır: «Müəssisəmiz öz əməliyyatlarında təkcə quyuların sürətlə qazılmasına deyil, həmçinin fəaliyyətinin bütün mərhələlərində təhlükəsizliyin təmin edilməsinə, ətraf mühitin qorunmasına və göstərdiyi xidmətlərin keyfiyyətlə yekunlaşdırılmasına böyük önəm verir».

“SOCAR-AQŞ” MMC ARDNŞ (51%) və “Abşeron Qazma Şirkəti” (49%) tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələşdirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş və horizontal quyuların qazılması, mənimsənilməsi və əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlər təqdim edilməsindən ibarətdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR