İctimai Palatanın üzvləri Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsini məhkəməyə veriblər

İctimai Palatanın üzvləri Bakı şəhər İcra Hakimiyyəti və Bakı Şəhər Baş Polis İdarəsini məhkəməyə veriblər
# 15 fevral 2012 09:24 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. İctimai Palatanın (İP) üzvləri - Səxavət Soltanlı, Cəmil Hacıyev, Əbülfəz Qurbanlı və Samir Əsədli Bakı şəhər İcra Hakimiyyətini (BŞİH) və Bakı şəhər Baş Polis (BŞBPİ) İdarəsini məhkəməyə veriblər.

Həmin şəxslərin hüquqi nümayəndəsi Ruslan Mustafazadənin APA-ya verdiyi xəbərə görə, 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsində iddia üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Lakin qarşı tərəf prosesdə iştirak etmədiyi üçün məhkəmənin baxış iclasının vaxtı təyin olunmayıb.

Qeyd edək ki, həmin şəxslər 2011-ci il noyabrın 15-də Bakı şəhər İcra Hakimiyyətinin qarşısında sərbəst toplaşmaq azadlığının təmin olunması və İP-nın ötən ilin aprel ayında keçirdiyi razılaşdırılmamış aksiyaları zamanı saxlanılan şəxslərin azadlığa buraxılması tələbi ilə piket keçirmək istəyiblər. Onlar piketə icazə verilməsi üçün icra hakimiyyətinə müraciət ediblər. Lakin onlara tədbiri keçirmək üçün icazə verilməyib. Buna baxmayaraq, həmin şəxslər piketi keçiriblər. Bu zaman polis əməkdaşları müdaxilə edərək, piketin qarşısını alıb. Cəmil Hacıyev isə tutularaq 4 saat polis idarəsində saxlanılıb.

Həmin şəxslər iddia ərizələrində BŞİH-nin qərarının qanunsuz hesab edilməsi və ləğv olunması, polis əməkdaşlarının piketə müdaxiləsinin qanunsuz sayılması, piket iştirakçılarının hüquqlarının pozulmasının məhkəmə tərəfindən tanınması və dəymiş mənəvi zərərə görə hər bir iddiaçıya 2000 min manat təzminat ödənilməsini tələb edirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR