Azərbaycan Prezidenti Münhendə “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdə iştirak edib

Azərbaycan Prezidenti Münhendə “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdə iştirak edib
# 04 fevral 2012 21:59 (UTC +04:00)
Bakı-APA. Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də 48-ci Münhen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan “Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri” mövzusunda müzakirələrdə iştirak edib.
APA-nın “Azərtac”a istinadən verdiyi məlumata görə, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tədbirin iştirakçıları arasında olub.

Tədbirin aparıcısı İsveç Krallığının xarici işlər naziri Karl Bildt iştirakçıları təqdim edərək bildirib ki, toplantıda Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, “Alyans”ın sədri Maykl Dikman, “Qreenpeace” Beynəlxalq təşkilatının icraçı direktoru Kumi Naidu, Ukrayna Prezidenti Viktor Yanukoviç iştirak edir.
Tədbirdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev tədbir təşkilatçılarına minnətdarlıq edərək, Azərbaycanın tarixi və müstəqillik dövrü inkişafı barədə məlumat verib.

Prezident deyib ki, Azərbaycan müstəqil olduğu 20 il ərzində əsasən enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində iqtisadiyyatı şaxələndirilmiş ölkəyə çevrilib: “1990-cı illərin ortalarında ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr faktiki olaraq Qafqaz və Xəzər regionlarının enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi və Avropanın da enerji xəritəsini dəyişməkdədir”.
Prezident bildirib ki, Azərbaycan indi həm də, nəhəng qaz ehtiyatlarına malik ölkə kimi də tanınır: “ Bizim 1 trilyon kubmetrdən çox qaz ehtiyatı olan “Şahdəniz” yatağı dünyada ən böyük yataqlardan biridir. 2010-cu ildə və ötən il kəşf edilən yeni qaz yataqları Azərbaycanın qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu sübut edib. Aydındır ki, bu ehtiyatlar həm bizim, həm də tərəfdaşlarımız və istehlakçılarımız üçün yetərincə olacaq”.

“Biz hazırda daha geniş enerji dəhlizinin yaradılması üzərində işləyirik. Bu, təkcə neft sahəsini deyil, qaz sahəsini də əhatə edəcək. Biz indi regionumuzun enerji təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir edəcək mühüm qərarların qəbul edildiyi enerji layihələrimizin çox vacib və çətin mərhələsindəyik. Azərbaycan, əlbəttə ki, öz enerji təhlükəsizliyini təmin edib. Ancaq bazarlar olmadan biz, əlbəttə ki, layihələrimizi tam şəkildə həyata keçirə bilməyəcəyik. Bu gün biz şaxələndirilmiş boru kəmərləri şəbəkəsinə malikik. Azərbaycanın açıq dənizə birbaşa çıxışı yoxdur. Şaxələndirilmiş boru kəməri şəbəkəsi bizə neft və qazımızı müxtəlif istiqamətlərə nəql etməyə imkan verir. Buna görə də, şaxələndirmə istehsalçı ölkə kimi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz başa düşürük ki, bu, istehlakçılar üçün də əhəmiyyət kəsb edir. Biz istehsalçı ölkə olan Azərbaycan ilə istehlakçılar arasında enerji təhlükəsizliyi məsələsində düzgün balans tapmalıyıq və düşünürəm ki, tapırıq. Tranzit ölkələrin də maraqlarını unutmaq olmaz. Buna görə də, bu maraqların balansı və tərəfdaşlarımızın maraqlarına adekvat yanaşma layihələrimizin uğurla reallaşması üçün əsas səbəbdir”-deyə, Prezident bildirib.

Prezident “Cənub qaz dəhlizi”nin gələcəyi ilə bağlı daha nikbin olduğunu deyib. Ölkə başçısı bildirib ki, yeni qaz yataqlarının kəşfi, Avropada bizim enerji ehtiyatlarımıza artan tələbatın artması, o cümlədən Avropa institutları ilə Azərbaycan arasındakı əməkdaşlığın son bir neçə ildə əsl tərəfdaşlıq münasibətlərinə çevrilməsi və Avropa Komissiyası prezidentinin 2011-ci ildə Azərbaycana səfəri, “Cənub qaz dəhlizi” ilə bağlı Bəyannamənin imzalanması, işçi qrupunun yaradılması nikbinliyin səbəbidir.
Prezident ötən il Azərbaycanın qaz ehtiyatlarının Avropa bazarına çıxması üçün böyük qapı olacaq Azərbaycan və Türkiyə arasında qaz tranzitinə dair Anlaşma Sazişinin imzalanmasını əhəmiyyətli hadisə adlandırıb.
Prezident deyib ki, şaxələndirmə və enerji təhlükəsizliyi ilə bağlı çoxlu müzakirələr gedir: “Bu iki məsələ bir-biri ilə birbaşa bağlıdır. Amma biz avropalı istehlakçılar üçün şaxələndirmə və enerji təhlükəsizliyindən bəhs edəndə, mən belə düşünürəm ki, ilk növbədə, eyni mənbəli marşrutların şaxələndirilməsindən daha çox mənbələrin şaxələndirilməsindən danışmalıyıq. Baxmayaraq ki, marşrutların şaxələndirilməsi də əhəmiyyətlidir. Belə ki, Azərbaycan avropalı istehlakçılar üçün yeni mənbədir, böyük mənbədir, yaxındır, dostdur. Əgər biz, güclü “Cənub” dəhlizinin inşasında planlarımızın həyata keçirilməsinə müvəffəq olsaq, gələcək onilliklərdə enerji sahəsində çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə daxil olacağıq. Buna görə də, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin önəmli bir məsələsinə çevrilib. Biz istehsalçı kimi bunu başa düşürük və istəyirik ki, bütün tərəfdaşlarımız da məsələyə bu cür yanaşsınlar.

Enerji təhlükəsizliyi və proqnozlaşdırma olmadan heç bir ölkə gələcək inkişafı ilə bağlı planlar qura bilməz. Biz, xüsusilə də, Fukusimadakı elektrik stansiyasında baş verən faciədən sonra müxtəlif enerji mənbələrinə münasibətdə dəyişikliklər və yanaşmalar haqqında bilirik. Beləliklə, tam aydındır ki, təbii qaza tələbat artacaqdır. Azərbaycan ehtiyatları olan, sadiq, açıq siyasətə və Avropanın institutları ilə möhkəm əlaqələrə malik bir ölkədir”.

Prezident Azərbaycanda ətraf mühitin qorunması ilə bağlı aparılan işlərdən də danışıb. Dövlət başçısı su enerjisinə, həmçinin günəş və külək enerjisinə sərmayə qoyulduğunu deyib: “Ona görə yox ki, bizim bu alternativ mənbələrə kəskin şəkildə ehtiyacımız vardır. Xeyr. Ona görə yox ki, bu, bizim enerji balansımızın əhəmiyyətli hissəsidir. Ona görə ki, biz buna keçmiş və gələcək nəsillərimiz qarşısında öhdəlik kimi yanaşdıq. Buna görə də, mən çox şadam ki, bu gün biz ekoloji mühafizə ilə bağlı məsələlərlə yanaşı, enerji təhlükəsizliyi, enerji ehtiyatlarını birlikdə müzakirə edirik. Azərbaycan öz rolunu oynamağa, enerji təhlükəsizliyini təmin etməyə, şaxələndirməyə və təbiətimizi mühafizə etməyə hazırdır”.
Daha sonra Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, Ukrayna Prezidenti Viktor Yanukoviç və digər qonaqlar çıxış ediblər.
Daha sonra mövzu ilə bağlı fikir mübadiləsi davam etdirilib və suallar verilib.
Tədbir işçilərindən biri “Mən hiss edirəm ki, bizim sərmayə yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət və coğrafi dəhlizlə bağlı bir az çox danışırıq. Buna görə də, mən sualımı birbaşa cənab Dikmana ünvanlamaq istəyirəm. Çünki gələcək biznes risklərini müəyyən etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz çərçivəsindədir. Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən iğtişaşların şahidi olduq. Sizin bu bir il ərzində enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risklərin qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, - burada Azərbaycan Prezidenti də iştirak edir, - öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?” deyə sual edib.
Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Mən faktiki olaraq, Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət kimi təqdim etməyə cəhd olunan suala şərh vermək istərdim. Düşünürəm ki, bu qəribə suala ən yaxşı cavab iştirakçıların reaksiyası oldu. Mən bayaqkı şəxsin savadından irəli gələrək bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm. Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir. Bizim çoxpartiyalı sistemimiz vardır. Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız vardır. Bizim azad mətbuatımız vardır. Bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır. Nəhayət, bizdə azad internet vardır. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır.

Azərbaycanda müasir, sabit cəmiyyət vardır. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq bunu görməyəcəksiniz”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR