Əli Əhmədov: “İranın notası yersizdir”

Əli Əhmədov: “İranın notası yersizdir”
# 16 fevral 2012 11:42 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. “İranın Azərbaycana nota verməsi üçün əsas yoxdur. İstərdim ki, Azərbaycanla İran arasındakı münasibətlərin üzərinə kölgə sala biləcək hər hansı addım hər hansı tərəfdən atılmasın. Əgər belə bir notanın verilməsinə əsas yoxdursa, onda bunun İran tərəfindən bəyan edilməsi istər-istəməz Azərbaycan və İran arasında mövcud olan və gələcəyinə böyük ümidlər bəslədiyimiz ənənəvi qonşuluq münasibətlərinə kölgə sala bilər”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov deyib.

Ə. Əhmədov bildirib ki, İran Azərbaycanın təkcə qonşusu deyil, iki ölkənin münasibətlərini müəyyənləşdirən digər amillər də var: “Bu amillərdən biri bizim tariximizdir. Biz bütövlükdə bir-birimizə mənəvi cəhətdən yaxınıq. Çoxlu sayda etnik azərbaycanlıların İranda yaşaması və bu ölkənin vətəndaşı olması da münasibətlərimizə xüsusi bir yaxınlıq və çalar gətirir. İran və Azərbaycan bu münasibətlərin azacıq da olsa korlanmasına səbəb ola biləcək addımlar atmamalıdır. Azərbaycan bölgədə sabitliyin, sülhün qorunmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Yəni belə əsası olmayan notaların verilməsi yersizdir”.

“İran xüsusi xidmət orqanlarına bağlı adamların Azərbaycan vətəndaşlarına qarşı terror cəhdini necə qiymətləndirirsiniz?” sualını cavablandıran Ə. Əhmədov bəyan edib ki, terrora qarşı münasibət birmənalı olaraq pislənilir: “Azərbaycan dövlətinin öz vətəndaşları qarşısında götürdüyü öhdəliyin biri də ondan ibarətdir ki, hər bir vətəndaş həyatına yönələn təhlükələrdən qorunmalıdır. Digər tərəfdən, kimlər tərəfindənsə Azərbaycan ərazisində terror aktı həyata keçirilirsə, Azərbaycan buna qarşı öz addımını atmalıdır və bunu da edir. İstəməzdik ki, dünyanın harasındasa terror törədilsin. Azərbaycan terrora məruz qalan ölkədir. Terrorun insan və cəmiyyət üçün təhlükəli olduğunu izah etməyə ehtiyac yoxdur. Bu mənada Azərbaycan terrora qarşı qəti münasibətini bildirib, bildirir və bundan sonra da bildirəcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR