"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi müzakirə olunub

"Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi müzakirə olunub
# 07 fevral 2012 13:43 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib. Komitə üzvü Çingiz Qənizadənin APA-ya verdiyi məlumata görə, iclasda "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" qanun layihəsi müzakirə olunub. Ç. Qənizadə bildirib ki, 50 maddədən ibarət qanun layihəsi tutulmuş və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi ilə bağlı məsələləri qanuniləşdirir.

Layihədə nəzərdə tutulub ki, saxlanılan şəxs saxlanılacağı yerə gələrkən dərhal ailə üzvləri və yaxınlarına telefonla məlumat verə bilər. Belə ki, layihədə bununla bağlı saxlanma yerləri rəhbərlərinin üzərinə vəzifə qoyulur. Həmçinin, saxlanılan şəxslərin hər gün bağlama ala bilməsi qanuniləşdirilir. Qanun qəbul olunarsa, saxlanılan şəxslərin həkim müayinəsindən keçməsi və bu prosesin aktlaşdırılması qanuniləşdiriləcək.

Layihəyə əsasən saxlanma haqqında məhkəmə qərarı varsa və əgər bu qərarın son günü yeni bir qərar daxil olmayıbsa, şəxs dərhal azad olunmalıdır. Şəxs azad olunmursa, ortada cinayət məsuliyyəti yaranır, yəni saxlanma yerinin rəhbəri məsuliyyətə cəlb edilir.

Yeni qanunla əvvəlkindən fərqli olaraq saxlanılan şəxs nəinki onun hüquqlarını müdafiə edən şəxslə, habelə ailə üzvləri və digər yaxınları ilə də görüşmək imkanı qazanacaq.
Bundan başqa, yeni qanunla saxlanılan şəxs istənilən qəzetə abunə ola bilər.

Qanun layihəsi ikinci oxunuş üçün Milli Məclisin plenar iclasına təqdim olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR