Kür çayının səviyyəsində artım müşahidə olunur

Kür çayının səviyyəsində artım müşahidə olunur
# 20 aprel 2012 13:41 (UTC +04:00)
Bakı. Sevil Zeynalqızı-APA. Aprelin 14-dən 20-dək Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. APA-nın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətə dair açıqladığı məlumatda bildirilir. Məlumata əsasən, Surra məntəqəsində suyun səviyyəsi 57, Şirvanda 77, Salyanda 70, Bankədə 24, Araz çayının Novruzlu məntəqəsində isə 22 santimetr artıb. Səviyyələrin artmasına baxmayaraq hazırda sabit sululuq müşahidə olunur. Hazırda Surra məntəqəsində suyun səviyyəsi 569, Şirvanda 474, Salyanda 393, Bankədə 288, Araz çayının Novruzlu məntəqəsində isə 246 santimetrdir.

Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-230, Kiçik Qafqazın çaylarında 120-190, Lənkəran-Astara bölgəsi çaylarında 45-65, Naxçıvan MR çaylarında isə 60-65 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 644 kubmetr/saniyə olmaqla, ongünlük normanın 87 faizini təşkil edir. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 237 kubmetr/saniyə olmaqla, ongünlük normanın 141 faizinə bərabərdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR