Qazaxıstan politoloqu: “Türkçülük XXI əsrdə Qazaxıstanın mövcudluğunun başlıca şərtidir”

Qazaxıstan politoloqu: “Türkçülük XXI əsrdə Qazaxıstanın mövcudluğunun başlıca şərtidir”
# 16 oktyabr 2012 13:51 (UTC +04:00)
Bakı – APA. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin İstanbulda keçirilən Türkiyə-Qazaxıstan biznes-forumunun bağlanış mərasimində dünya türklərini birləşməyə çağırması dünyada böyük rezonansa səbəb olub.

APA-nın xəbərinə görə, bu bəyanat MDB məkanında, o cümlədən Qazaxıstanın özündə də böyük maraqla qarşılanıb.

Məşhur Qazaxıstan politoloqu Aydos Sarım ölkənin xarici siyasətinin dəyişən dünyanın şərtlərinə uyğunlaşmasına inanmaq istədiyini bildirib: “Heç kimə sirr deyil ki, postsovet məkanındakı Gömrük İttifaqı, Avrasiya İttifaqı kimi layihələr dinc ayrılmanın üsul və mexanizmləridir. Rusiya inteqrasiyadan bəhs edərkən Qazaxıstanın milli maraqlarına zidd təkliflər irəli sürür. Bu vəziyyətdə inteqrasiyanı dərinləşdirmək dövlət suverenliyindən imtina etməyə bərabər olardı”.

A.Sarımın fikrincə, prezident Nazarbayev Rusiyapərəst ətrafından fərqli olaraq, yaxşı başa düşür ki, Rusiya ilə mənasız inteqrasiya onu xalqdan uzaqlaşdırır və hakimiyyəti üçün də təhlükədir: “Kreml artıq Qazaxıstana ikinci sort ölkə kimi baxır və şərtsiz tam kapitulyasiyasını gözləyir. Çünki Rusiya dəyərlər əsasında dostluq və əməkdaşlıq bacaran ölkə deyil. Moskva indiyədək Ankaradan qardaş ölkə statusunu necə qazanmağı öyrənə bilərdi. Ən azı Rusiyanın hansısa ali məktəbində qazax dilində şöbə aça bilərdilər. Hətta Varşava Universitetində qazax dili öyrədilir. Kremldə isə hesab edirlər ki, gələcək qazax elitası da onlarla rus dilində danışacaq. Hətta Azərbaycan tərəfinin Rusiya ilə danışıqlarda tərcüməçidən istifadə etməsi də onlara dərs olmur”.

Politoloq Qazaxıstanda gənc nəslin türkçülük ruhunda yetişməyə başladığını vurğulayıb: “Bu isə XXI əsrdə Qazaxıstanın mövcudluğunun başlıca şərtidir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR