“Azəryolservis” ASC Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Marabda-Kartsaxi hissəsinin tikintisini başa çatdırıb

“Azəryolservis” ASC Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Marabda-Kartsaxi hissəsinin tikintisini başa çatdırıb
# 21 iyun 2012 12:47 (UTC +04:00)
APA-Economics”in xəbərinə görə, bu barədə Gürcüstanın İnfrastruktur və Regional İnkişaf Nazirliyi açıqlama yayıb.

Gürcüstanın infrastruktur və regional inkişaf naziri Ramaz Nikolaişvili bildirib ki, şirkət müasir magistral, eləcə də qatarların hərəkət marşrutu boyunca üç stansiya inşa edib: “Yaxın vaxtlarda bu dəmiryolu ilə yüklər və sərnişinlər daşınacaq. Bu, birmənalı olaraq Avropa ilə Asiya arasında ən qısa yoldur. Biz yükdaşımalarla bağlı sifarişlər almışıq. BTQ dəmiryolu xətti artıq reallıqdır”.

Öz növbəsində Azərbaycan Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin rəhbəri Cavid Qurbanov BTQ-ni “əsrin tikintisi” adlandıraraq, onun region ölkələri üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Xatırladaq ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tiflisdə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin “Marabda-Kartsaxi Dəmir Yolları” MMC-yə güzəştli şərtlərlə (illik 1%-lə 25 illiyə) 200 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 km-lik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə, illik 5%-lə 575 mln. dollar həcmində əlavə vəsait ayırıb. BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR