Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qurultayı keçirilib

Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin qurultayı keçirilib
# 31 oktyabr 2012 11:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu gün Bakıda Azərbaycan Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin IV qurultayı keçirilib.

«APA-Economics»in məlumatına görə, qurultayda Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Qurultayından sonrakı dövrdə fəaliyyəti və qarşıda duran vəzifələr, təftiş komissiyasının 2006-cı ildən indiyədək hazırladığı hesabatı, həmkarlar ittifaqı orqanlarının və təftiş komissiyasının seçilməsi, Azərbaycan Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqının Nizamnaməsinə əlavə dəyişikliklər edilməsi məsələləri müzakirə edilib.

Tədbirdə Azərbaycan avtomobil nəqliyyatı və yol təsərrüfatı işçiləri ittifaqı respublika komitəsinin sədri Etibar Əliyev 2006-cı ildən indiyədək komitə tərəfindən görülən işlər barədə geniş hesabatla çıxış edib.

E.Əliyev bildirib ki, hazırda avtomobil yolları və tikintisi və avtonəqliyyat sahəsində çalışan həmkarlar ittifaqı üzvlərinin sayı 17 min nəfərdir: «Sahə üzrə 185-dən artıq müəssisə və təşkilatda ilk Həmkarlar İttifaqı təşkilatları mövcuddur. Bu təşkilatların 154-ü sahə ərazi Birləşmiş Həmkarlar İttifaqı Şuralarında birləşir. Bundan başqa, 31 təşkilat birbaşa Respublika Komitəsinə çıxır. Həmkarlar İttifaqının üzvlərinin 30%-i özəl sektorda çalışır».

E.Əliyev daha sonra bu sahədə aparılan özəlləşənin nəticələrindən danışıb: «Avtonəqliyyat sahəsində özəlləşmə hələ bir neçə il bundan öncə başa çatmasına baxmayaraq onun nəticələri elə də ürək açan olmayıb. Belə ki, bu özəlləşmənin nəticəsi olaraq bir neçə min Həmkarlar İttifaqı üzvünü itirdik. Çünki özəlləşən avtonəqliyyat müəssisələrinin əksər hissəsi ya bağlanaraq işçilərini ixtisar edib, ya da fəaliyyət sahəsini dəyişiblər. Dövlətin tabeliyində bir dənə də olsun, avtonəqliyyat vasitəsi və müəssisə qalmadı. Hazırda sahədə yük avtonəqliyyat müəssisələri, ümumiyyətlə, yoxdur, sərnişin daşımaları sahəsində isə son 2-3 il ərzində yeni özəl avtobus və taksi parkları yaradılıb. Qeyd edim ki, yeni yaradılan müəssisə və təşkilatların əksər hissəsində Həmkarlar İttifaqı təşkilatları yaradılıb», - deyə komitənin sədri bildirib.

E.Əliyev ötən qurultaydan indiyədək Respublika Komitəsinin əməkdaşları tərəfindən əməyin mühafizəsi, texniki təhlükəsizlik, və əmək şəraiti ilə bağlı yoxlamalar aparıldığını da qeyd edib: «Belə ki, 2006-cı ildən indiyədək müəssisə və təşkilatlarda 126 yoxlama aparılıb, 97-dən çox təqdimat verilib. Yoxlama nəticəsində müəssisə və təşkilatlarda 360-a qədər nöqsan və qüsurlar aşkar edilib ki, bunun da 290-ı aradan qaldırılıb. Bu illər ərzində ölümlə nəticələnən 6 bədbəxt hadisə baş verib. Lakin buna baxmayaraq, hazırda əksər müəssisə və təşkilatlarda texniki təhlükəsizlik paltarları və yanğından mühafizə vasitələrinin təminatı lazımı səviyyədə deyil».

Daha sonra qurumun təftiş komissiyasının hesabatı dinlənilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR