Azərbaycanda sahə həmkarlar təşkilatları ilə aidiyyəti qurumlar arasında “Sahə tarif sazişi” imzalanacaq

Azərbaycanda sahə həmkarlar təşkilatları ilə aidiyyəti qurumlar arasında “Sahə tarif sazişi” imzalanacaq
# 14 mart 2012 12:15 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Bundan sonra əsas məsələ Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Nazirlər Kabineti və Azərbaycan Sahibkarlar Konfederasiyası arasında 2012-2013-cü illər üçün üçtərəfli Baş Kollektiv Sazişdə öz əksini tapan tələb və tövsiyələrin yerinə yetirilməsinə nəzarəti həyata keçirməkdir”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

O bildirib ki, bu məsələdə hökumətlə yanaşı, işəgötürənlər də məsuliyyət daşıyır: “Rübdə bir dəfə sazişin hansı bəndələrinin yerinə yetirilib-yetirilməməsinin monitorinqi aparılacaq və sonra təhlil ediləcək. Bu bəndlərin yerinə yetirilməsinə maneçiliklər öyrəniləcək, digər tərəflər məlumatlandırılacaq və izahat tələb edəcəyik”.

S.Mehbalıyev hazırda “Sahə tarif sazişi”nin imzalanmasına nail olmaq məqsədilə müvafiq işlər aparılır: “Bu saziş sahə həmkarlar təşkilatları ilə aidiyyəti qurumlar arasında imzalanacaq. Bu sənədin Baş Kollektiv Sazişdən üstün olmasını düşünürük. Əlbəttə, sazişdə yer alan müddəaların maksimum dərəcədə tətbiqinə nail olunması çətindir”.

S.Mehbalıyev 2012-2013-cü illər üçün üçtərəfli Baş Kollektiv Sazişin kitabça şəklində nəşr olunaraq bütün hökumət, dövlət və özəl müəssisələrə təqdim olunacağını da qeyd edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR