Xalq artistini bıçaqlamaqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb

Xalq artistini bıçaqlamaqda təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin olunmayıb
# 22 iyun 2012 09:13 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində xalq artisti Faiq Ağayevi bıçaqlamaqda təqsirləndirilən Rüfət Məlikovun apellyasiya şikayətinə baxılıb. APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, R. Məlikov barəsində olan hökmdən apellyasiya şikayəti verilmə müddətinin bərpa olunması üçün məhkəməyə müraciət edib.

Onu da qeyd edək ki, 2010-cu il sentyabrın 27-də keçmiş “Kubinka” adlanan yerdə xalq artisti Faiq Ağayev özünə məxsus maşını idarə edərkən, həmin yolla hərəkət edən “VAZ-2107” markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan mübahisə münaqişəyə çevrilib. Nəticədə F. Ağayevə və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən xalq artisti Faiq Ağayev, onunla birgə olan Ramin Bayramov və Azər Musayev əməliyyat olunublar.

Baş vermiş hadisə ilə bağlı Rüfət Məlikov, Seymur Məmmədov və Natəvan Şərifova məsuliyyətə cəlb edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüfət Məlikov 8 il, Seymur Məmmədov 6 ay, Natəvan Şərifova isə 7 ay müddətinə azadlıqdan məhrum edilib. Natəvan Şərifovanın öhdəsində iki azyaşlı uşaq olduğu üçün onun barəsində olan hökm övladları səkkiz yaşına çatana qədər təxirə salınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR