Bakıda «İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu» mövzusunda beynəlxalq konfrans keçirilir - FOTOSESSİYA

Bakıda «İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu» mövzusunda beynəlxalq konfrans keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 20 iyun 2012 10:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) dəstəyi ilə Azərbaycanda antiinhisar orqanının yaradılmasının 20 illiyi ilə əlaqədar «İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu» mövzusunda beynəlxalq konfrans keçirilir.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini xanım Sevinc Həsənova ölkə iqtisadiyyatı, aparılan islahatlar və əldə olunmuş nailiyyətlər barədə məlumat verib və bildirib ki, hazırda Azərbaycan bazar prinsiplərinə əsaslanan və davamlı inkişaf edən, transmilli layihələrdə fəal iştirak edən, qlobal böhran proseslərinin mənfi fəsadlarına qarşı dayanıqlı iqtisadiyyata malik olan dövlətə, Cənubi Qafqaz regionunun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Nazir müavini bu nailiyyətlərin əldə edilməsində ölkədə həyata keçirilən antiinhisar siyasətinin və antiinhisar orqanının fəaliyyətinin özünəməxsus rolunun olduğunu, bazar iqtisadiyyatının formalaşdırılmasına yönəlmiş islahatlara başlandıqdan sonra antiinhisar siyasətinin iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini diqqətə çatdırıb və qeyd edib ki, islahatlar çərçivəsində antiinhisar orqanının təsis edilməsi və müvafiq qanunvericiliyin yaradılması, iqtisadiyyatın liberallaşdırılması və inhisarsızlaşdırılması, restrukturizasiyası və dövlət mülkiyyətinin özəlləşdirilməsi istiqamətində həyata keçirilən fundamental dəyişikliklər azad sahibkarlığa və sağlam rəqabətə əsaslanan bazar iqtisadiyyatının formalaşdırılmasında əhəmiyyətli rol oynayıb. S.Həsənova Azərbaycanda səmərəli antiinhisar siyasətinin həyata keçirilməsinə böyük önəm verildiyini, bu sahənin ölkə rəhbərliyinin daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Öz növbəsində tədbirdə çıxış edən Azərbaycan Prezident Administrasiyası iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov dövlət başçısının təbrik məktubunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev Azərbaycanda antiinhisar orqanının fəaliyyəti və onun təkmilləşdirilməsi, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi ilə əlaqədar görülmüş işlər, antiinhisar orqanının səmərəli işinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, əldə olunmuş nailiyyətlər barədə geniş məlumat verib.

MDB İcraiyyə Komitəsinin nümayəndəsi, Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın Katibliyinin rəhbəri Azam Usmanov və GIZ-in Bakı ofisinin direktoru Henninq Tvesten konfransda aparılan müzakirələrin və təcrübə mübadiləsinin rəqabətin qorunması sahəsində biliklərin artırılmasına, qanunvericiliyin təkmilləşdirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə xidmət edəcəyini bildiriblər.

Konfransda Rusiya Federal Antiinhisar Xidmətinin rəisi İqor Artemyev «Rusiyada müasir antiinhisar tənzimlənməsi», MDB-nin Avrasiya İqtisadi Komissiyası Rəqabət siyasəti və dövlət satınalmaları siyasəti Departamentinin direktoru xanım Natalya Slyusar «Gömrük İttifaqı ölkələrində dövlət satınalmalarının təşkili təcrübəsi», komissiyanın Antiinhisar tənzimlənməsi Departamentinin direktoru xanım Anna Miroçinenko «Vahid iqtisadi məkanda rəqabət şərtlərinə əməl olunmasına nəzarət sisteminin formalaşması», Qazaxıstanın Rəqabətin Qorunması Agentliyinin sədr müavini Erkekali Alimkulov «Kartellərin və hökmran mövqedən sui-istifadənin araşdırılmasının aktual problemləri», Serbiyanın Rəqabətin Qorunması Komissiyasının üzvü Sanja Dankovic «İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu», ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin nümayəndəsi Qriqori Olson «Rəqabət siyasəti», Avstriya Federal Rəqabət Qurumunun baş direktoru Teodor Thanner «Antiinhisar siyasəti və istehlakçı rifahı», Almaniyanın «Bundeskartellamt» təşkilatının nümayəndəsi Sandro Qliv «Qiymətlərin hədsiz qaldırılması» və s. mövzularda məruzələrlə çıxış ediblər.

Ümumiyyətlə, tədbirdə 15 dövlətin və 9 beynəlxalq təşkilatın 150-dən artıq nümayəndəsi iştirak edir.

Qeyd edək ki, iyunun 21-22-də isə Bakıda MDB dövlətlərinin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 36-cı iclası keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR