Fransada Azərbaycan Mədəniyyəti Günləri başa çatıb

Fransada Azərbaycan Mədəniyyəti Günləri başa çatıb
# 08 iyun 2012 20:56 (UTC +04:00)
Bakı-APA. Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycanın Fransadakı səfirliyinin təşkilatçılığı ilə mayın 29-dan iyunun 5-dək Fransanın Ron-Alp regionunun Qayar, Tonon və Evian şəhərlərində Azərbaycan Mədəniyyət Günləri keçirilib. Bu barədə APA Azərtac-a istinadən məlumat verir.
Azərbaycan Mədəniyyət Günləri Fransa ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.
Qayar şəhərində başlayan tədbirlər Azərbaycan mədəniyyətinin nümunələrini əks etdirən sərginin açılışı ilə başlayıb, musiqi nömrələrimizin və milli mətbəximizin təqdimatı ilə başa çatıb.
Sərgi zamanı Azərbaycanın turizm ehtiyatları ilə yanaşı, Şamaxı şəhərinin mədəni irsinin nümunələri də ictimaiyyətə təqdim olunub. Tədbir zamanı ictimaiyyətə Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları tərəfindən fransız dilində geniş məlumat çatdırılıb.
Mayın 30-da açılan sərgini Qayar merinin rəhbərliyi altında meriyanın nümayəndələri ilə yanaşı, geniş məktəbli kütləsi də ziyarət edib.
Qayar şəhərindəki tədbirlərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədovun rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak edib. Tədbir zamanı Qayar və Şamaxı şəhərləri arasında mədəni sahədə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair Əməkdaşlıq Protokolu imzalanıb.
Bundan əlavə, həmin gün Azərbaycan musiqiçiləri Qayar şəhərinin Lui Simon zalında geniş konsert proqramı təqdim ediblər. Konsertdən sonra Azərbaycan mətbəxinin nümunələri tədbir iştirakçılarına təqdim olunub, mədəni irsimizə və ölkəmizin turizm ehtiyatlarına dair broşürlər hədiyyə edilib.
Mədəniyyət Günləri Tonon və Evian şəhərlərində davam etdirilib. Tamaşaçılara rəngarəng Azərbaycan musiqisi təqdim olunub. Hər iki tədbirdə yüksək məharət nümayiş etdirən musiqiçilərimiz tamaşaçıların böyük rəğbətini qazanıblar.
Bu tədbirlərdə hər iki şəhərin meriyasının nümayəndələri və Azərbaycanın Fransadakı səfiri E.Əmirbəyov çıxış edərək Azərbaycan mədəniyyəti haqqında geniş məlumat veriblər. Ron-Alp regionunda keçirilən bu tədbirlər yerli mətbuat tərəfindən geniş işıqlandırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR